Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub. SİA xəbər verir ki, Yüksək Liqada üçüncülük uğrunda oyunlar aprelin 20-də, final qarşılaşmaları isə aprelin 22-də və 23-də keçiriləcək.
Aprelin 20-də Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular bürünc medal uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və “Neftçi” üz-üzə gələcək.
Daha sonra isə qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da başlayacaq bu oyunda “Gəncə” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar.
Aprelin 22-də Bakı İdman Sarayında final oyunlarına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion bəlli olacaq. Saat 16:00-da start götürəcək görüşdə “Azərreyl” və “Murov Az Terminal” kollektivləri üz-üzə gələcəklər. Aprelin 23-də saat 16:00-da isə qadın voleybolçuların final matçı keçiriləcək. “Azərreyl” və “Abşeron” komandaları mövsümün çempionunu müəyyən edəcəklər.
Qeyd edək ki, aprelin 22-23-də final oyunlarından əvvəl dəniz kənarı bulvarda Voleybol Festivalı təşkil olunacaq. Aprelin 23-də final oyunundan dərhal sonra isə qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və Azərbaycan çempionatı Yüksək Liqa yarışlarının bağlanış mərasimi baş tutacaq.