Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, bu gün saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
Toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.