RU

“Qarabağ” Avroliqanın 1/8 finalında!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/8 finalına vəsiqə uğrunda Portuqaliya təmsilçisi ilə mübarizə aparıb.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu ötən həftə səfərdə keçirmişdi. Bu matç Azərbaycan tarixinə Avropa Liqasındakı ilk pley-off matçı kimi düşmüşdü. Bu tarixi qarşılaşma tarixi nəticə ilə də başa çatmışdı. Belə ki, Ağdam klubu səfərdə adlı-sanlı rəqibinə 4:2 hesabıyla qalib gəlməklə bütün Avropaya səs salmışdı.

Tarixində ilk dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ” uğurunun davamını gətirməklə bu turnirin 1/8 finalına da yüksələ və növbəti tarixi uğura imza ata bilərdi. Son iki mövsümdə avrokubokların yaz fəslinə qalan, amma mərhələ adlaya bilməyən komandamız bu çətin işin öhdəsindən gəlməyə çox yaxın idi. Bunun üçün Azərbaycan çempionuna Bakıdakı görüşdə nəinki heç-heçə, hətta minimal fərqlə məğlubiyyət də kifayət edirdi.

Amma təəssüf ki, Bakıdakı qarşılaşma təmsilçimiz üçün heç də uğurlu keçməyib. İlk yarısı qolsuz bitən matçın ikinci yarısında komandamız azlıqda qalıb. 57-ci dəqiqədə Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Bundan ruhlanan qonaqlar əsas vaxtın sonuna kimi iki qol vurmaqla matçı əlavə vaxta daşıyıblar. Əlavə vaxtda komandamız Mateus Silvanın vurduğu qolla ümumi hesabda yenidən önə keçsə də, qonaqlar növbəti dəfə fərqlənməyi bacarıblar. Amma əzmkarlıq nümayiş etdirən Ağdam təmsilçisi son saniyələrdə Nəriman Axundzadənin sayəsində yenidən önə keçməyi bacarıb. Belə ki, iki oyunun nəticəsinə görə rəqibinə 6:5 hesabıyla qalib gələn “Qarabağ” tarixində ilk dəfə Avroliqanın 1/8 finalına yüksəlib!

Avropa Liqası
Pley-offun cavab oyunu
22 fevral

“Qarabağ” – “Braqa” 2:3
Qollar: Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 – Rocer Fernandes, 70. Alvaro Djalo, 83. Simon Banza, 115-pen.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Diyan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
VAR: İvaylo Stoyanov (Bolqarıstan).
AVAR: Draqomir Draqanov (Bolqarıstan).
Hakim-inspektor: Petteri Kari (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:2.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 11. Rocer Fernandes, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 22. Pitsi, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.

Избранный
225
50
arena.az

10Источники