RU

Qarabağdan dünyaya: İqtisadiyyat nə vəd edir?

Bütün müharibələr gec-tez bitir, işğal edilən ərazilər öz gerçək sahibinə qayıdır. Sonra yenidəndoğulma prosesi başlayır, eynilə Qarabağdakı kimi. Qarabağda gedən bərpa işin görünən tərəfidir, bir də tamamilə dağıdılan, tarixdən silinən, izi-tozu qalmayan sərvətlərimizi, abidələrimizi düşünün. Onlar geri qaytarılmayacaq şəkildə itirdiyimiz tariximizdir. Biz dağıdılan məktəbi yenidən tikə bilərik, amma minillik məscidi, türbəni, abidəni yenidən tikmək olmur. Hərbi əməliyyatlar zamanı Azərbaycan hər nə qədər ehtiyatla davransa da, işğalçılar, xüsusilə, bərpası mümkün olmayacaq abidələrimizə zərər veriblər. Torpaqlar illərlə zərərli maddələrlə aşındırılıb, qulluq edilməyib. Əkin sahələrini yenidən əkinə yararlı hala gətirmək üçün ciddi işlər görülməlidir. Torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə çox sürətlə yenidənqurma, abadlıq işləri vüsət aldı. Yaşayış binaları, parklar, iaşə obyektləri, müəssisələr, zavod və fabriklər inşa edildi. Uzun müddətdir ki, Qarabağa köç başlayıb, Bakıda və ölkənin digər yerlərində məskunlaşmış məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Onların evlə təminatı uğurla aparılır, lakin, maraqlıdır, geri qayıdan əhalinin iş imkanları nə qədər geniş olacaq? 30 ildən sonra Qarabağa qayıdan yerli əhali nə işlə məşğul olacaq? İqtisadiyyat burada necə inkişaf etdiriləcək? 600 min hektar əkin sahəsi əkiləcək Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Ümumiyyətlə, proqnozlara əsasən, işğaldan azad edilən bölgələrimiz gələcəkdə 10 milyard manat gəlir formalaşdıracaq ki, bu da ümumdaxili məhsulun inkişafına təkan verəcək. Çünki həmin bölgələrin müxtəlif sahələr üzrə böyük iqtisadi potensialı var. Yəni, həm kənd təsərrüfatı, həm sənaye, həm də xidmət sektorları üzrə geniş imkanlar mövcuddur. Xüsusilə, azad edilən ərazilərin turizm potensialı olduqca böyükdür. Həmçinin, bu torpaqlar heyvandarlıq, meyvəçilik, bitkiçilik, emal sənayesi üzrə geniş imkanlara malikdir. Təkcə kənd təsərrüfatı üzrə 600 min hektar torpaq əkilib-biçilməyə hazırdır. İşğaldan azad edilmiş ərazilərdə azad iqtisadi zonaların, aqroparkların salınması və fəaliyyəti həyata keçirilir. Əlavə olaraq, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, hava limanlarının salınması həmin bölgələrin ixrac potensialı və sahibkarlığın inkişafına xidmət edəcək. Bölgədə iqtisadiyyat inkişaf etdikcə, məşğulluq imkanları da yaranacaq, bu da yeni iş yerlərinin açılması deməkdir. Qeyd edək ki, azad edilən ərazilərə köçürülən və işləməyən ailələrə 600 manat vəsait ödənilir, həmçinin orada fəaliyyət göstərən işçilərin təmin olunduğu məvacib digər bölgələrdə çalışanların əməkhaqlarına nisbətən daha çoxdur. Zavod-fabrik iqtisadiyyatı dirçəldəcək Ötən ilin sonlarına olan məlumata əsasən, Ağdam Sənaye Parkında qeydiyyatdan keçən 25 rezidentin artıq 10-dan çoxu tikinti-quraşdırma işlərinə başlayıb. Parkda gələn ilin ilk yarısında bir sıra müəssisələrin, o cümlədən “Rail Trans Service” MMC tərəfindən inşa olunan avtomatika və telemexanika zavodunun fəaliyyətə başlaması planlaşdırılıb. Zavodun tikintisi üçün Ağdam Sənaye Parkı ərazisində bir hektara yaxın torpaq sahəsi ayrılıb. Müəssisənin tikinti sahəsi 2 min 739 kvadratmetrdir. Avtomatika və telemexanika istehsalı zavodunun tikintisinə 2023-cü ilin oktyabr ayında başlanılıb. 2024-cü ilin may ayında inşaat işlərinin başa çatdırılaraq müəssisənin işə salınması nəzərdə tutulub. Zavodda dəmir yolu üçün avadanlıqlar istehsal olunacaq. Burada 45 nəfər işlə təmin ediləcək. Qeyd edək ki, Ağdam Sənaye Parkına investorlar tərəfindən 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox sahibkarlıq subyekti tərəfindən fəal tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işləri həyata keçirir. Həmçinin, ötən ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında olaraq burada inşa ediləcək yeni müəssisələrin təməlini qoydu. Sənaye zonasında 4 müəssisə inşa edilib. Bunlar “Avto Lizinq Azərbaycan” MMC, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC və “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələridir. «İmprotex Qarabağ Sənaye Kompleksi» MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. Qeyd edək ki, müəssisənin istehsal edəcəyi məhsullar bilavasitə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün də istifadə edilə bilər. Müəssisəyə ayrılan 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə reallaşdırılacaq. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Azərbaycan Prezidenti müəssisənin təməlini qoydu. Qlobal bazara çıxış imkanları İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı sürətlə gedir, çünki bu bölgə də ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək. İşğaldan azad edildikdən sonra xarici investorlar Qarabağa yatırım yatırmaq üçün hazırdır. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduğunu bildirib. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə, iş yerlərini artırmaqla, bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artırmaq mümkündür. Bu prosesdə iş adamlarının, sərmayədarların, investorların ciddi təkliflərinə dövlət müsbət cavab verir. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Xüsusilə, Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşməsi regionda iqtisadi imkanları artırıb. Aqrar imkanlar daha çoxdur Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı təşkil edir. Rayonda mühüm ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Onların arasında Füzuli rayonu iqtisadi potensialına görə seçilən rayonlardan biridir. Füzuli rayonunda 25.5 min ha. örüş-otlaq və biçənək sahəsi var və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri olduqca qədimdir. Rayonda heyvandarlıq sektoru ilə bağlı aqrar potensial yüksək olub. Ağdam rayonu da potеnsialına görə Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük iqtisadi potеnsialı olan rayonlardandır. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Təcavüz zamanı ərazisinin 70 faizdən çoxunu itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda kənd təsərrüfatının əsasını heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bostançılıq, üzümçülük, meyvəçilik təşkil edirdi. Bu rayonun yenidən Azərbaycan iqtisadiyyatında ağır çəkiyə sahib olacağı günlər çox da uzaqda deyil. İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edən Laçın rayonun kənd təsərrüfatına yararlı sahəsi 76 min hektar idi. Bunun 11,1 hektarı şum yeri, 0,3 min hektarı çoxillik bitkilər üçün nəzərdə tutulmuş ərazi, 5,2 min hektarı biçənəklər, 56,7 min hektarı isə otlaqlar idi. Yenidən bu ərazilərin əkilib-biçilməsi dənli-paxlalı bitkilərin xaricə ixrac olunması deməkdir. Xüsusilə Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Bölgənin iqtisadiyyatı üçün bu əhəmiyyətli üstnlükdür. Tranzit nöqteyi-nəzərdən İran islam Respublikası ilə ticarət münasibətləri yarana bilər. Həmçinin, Zəngilan turizm potensialı yüksək olan rayondur. Lalə Mehralı Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
245
sesqazeti.az

1Источники