RU

Xalqa ünvanlanan növbəti müraciət - Prezidentin fəaliyyətinin uğur hesabatı... TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq» Uğurlu idarəçiliyi təmin edən əsas faktorlardan biri hakimiyyətin öz fəaliyyəti və hədəflədiyi məsələlər barədə ölkə ictimaiyyətinə məlumatların, hesabatların verilməsidir. Bu baxımdan 31 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti və müraciətdə 2023-cü il ərzində dövlətimiz və xalqımız üçün əlamətdar hadisələr və ölkənin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı görülmüş və 2024-cü il ərzində görülməsi planlaşdırılan işlər barədə Azərbaycan ictimaiyyətini maraqlandıran məsələlər barədə geniş məlumat vermişdir.Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın həmişə olduğu kimi, bu il də iqtisadi sahədə böyük uğurlar əldə etdiyini bildirmişdir: «Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik».Bu uğurlar… QÜDRƏTLİ DÖVLƏTİN UĞURLU SOSİAL-İQTİSADİ VƏ SİYASİ NAİLİYYƏTLƏRİDİR Belə ki, son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin «güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah» konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir ki, bunun nəticəsində biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik».«Əsl siyasət konkret, real iş görməkdir» – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. “Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.Məhz iqtisadi cəhətdən güclü olan ölkəmizdə işğaldan azad olunana torpaqlarımızda böyük quruculuq işləri aparılır. Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir: «Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib».Bəli… «HAQLI DA BİZİK, GÜC DƏ BİZİM TƏRƏFİMİZDƏDİR, ZAMAN DA BİZİM MÖVQEYİMİZİ GÜCLƏNDİRİR, BEYNƏLXALQ HÜQUQ DA» Bir sözlə, Qələbə Zəfərimizdən ötən üç il bir daha göstərdi ki, güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və tezliklə doğma yurdlarından köçkün düşən soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarını deyib: «2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq».Çünki… BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.Tarixi Zəfərimizin reallıqları yeni Dövlət proqramlarının qəbulunu bir zərurətə çevirdi. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxışlaşdırmaqdır. Nəticə ehtibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl texnologiyalar”ın tətbiqinə diqqətin artırılmasıdır. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.Artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. Azərbaycanın dünyaya təqdim etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən bərpa edilən və qurulan torpaqlarımızda sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. 30 illik torpaq həsrətinə son qoyularaq bu yerlərdə çal-çağırın yaşanması qürurvericidir.Son üç ilin mühüm uğurlarından, tariximizin Zəfər səhifələrindən biri 2023-cü ilin aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət -buraxılış məntəqəsini yaradılması oldu. Azərbаycan bu mühüm addımı ilə ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.Prezident İlham Əliyev xalqa müraciətində həm Ermənistana, həm də ermənilərin Qərbdəki havadarlarına bir daha xəbərdarlıq etdi: "Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin". Bəli, Azərbaycan Prezidenti heç zaman arqumentə əsaslanmadan fikir bildirmir. Onun bütün bəyanatlarının təməlində real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi. “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”.Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu: “Bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. RƏFİQƏ KAMALQIZI

Избранный
260
sesqazeti.az

1Источники