RU

Mərkəzi Bank qanunsuz fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarına XƏBƏRDARLIQ EDİB

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından müvafiq lisenziya əldə etməlidirlər.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (//www.cbar.az/page-853/electronic-money-institutions ) yoxlanıla bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.

Bu baxımdan, lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxsləri aşkar etdikdə, bu barədə Mərkəzi Banka (//contact.e-cbar.az/ ) məlumat verməyiniz xahiş olunur. Məlumat verən şəxs barədə məlumatların konfidensiallığına Mərkəzi Bank təminat verir.

“Lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərən ödəniş xidməti təchizatçıları barədə Mərkəzi Bankın məlumatlandırılması üzrə Təlimat”la aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: //uploads.cbar.az/assets/5c049ccc2c66fd57e4faf3296.pdf

Fuad Mədətov
Fins.az

Избранный
2
32
fins.az

10Источники