RU

Xarici qonaqlar XİN-də

Oktyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib.

BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.

***

Oktyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadia ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və sair istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı, dəstək və həmrəyliyinin birgə təşəbbüslərin irəlilədilməsi, habelə ölkələrimiz əleyhinə atılan addımların qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesindən bəhs olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Избранный
31
xalqqazeti.az

1Источники