Qiymətinin ucuz olması, evi tez isitməsi səbəbindən İrandan Azərbaycana gətirilən, bazarda "İran peçləri" kimi tanınan sobalara ölkəmizdə maraq yüksəkdir.
Əsasən həyət evlərində istifadə edilən bu sobaların təhlükəli olması barədə indiyədək xeyli yazı yazılıb.
Qış girməmiş dəm qazından zəhərləmə olsa da, bazarda bu sobaların alıcısı çox, çeşidi isə boldur.
Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin sabiq şöbə müdiri, hazırda isə “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, "İran peçi" mühəndislik baxımından yaxşı olsa da, standartlara cavab vermir:
"Əksər hallarda lisenziyası olmayan adamlar tərəfindən quraşdırılır, bu da öz növbəsində faciəyə gətirib çıxarır.
Ümumiyyətlə, qaz təchizatçısının icazəsi olmadan onları şəbəkəyə qoşmaq olmaz. Təəssüf ki, insanlar isə bunun əksini edir".
Ekspert qeyd edib ki, tüstü bacaları evin damından yarım metr hündür quraşdırılmalıdır:
"Quraşdırılan zaman yağış tökülməsin deyə bacaların baş hissəsinə “şlyapa” deyilən qapaq qoyulmalıdır. Bir kubmetr qazın yanması üçün 9.5 kubmetr oksigen lazımdır. Oksigen çatışmayanda və ya həddən artıq olanda karbon monoksid və ya dəm qazı bir karbon alınır.
Karbon monoksid yığılan mühitdə 7 dəqiqədən 30 dəqiqəyə qədər nəfəs alan şəxsin həyatına son qoyulur. Bundan əlavə, küləkli havalarda peçi açıq qoyub yatmaq olmaz, çünki külək zəhəri otaqlara qaytarır. Ümumiyyətlə, yaxşı olar ki, evlərdə qaz siqnalizasiya cihazları olsun. Çünki ən adi qaz sızması olarsa, cihaz siqnal verir".
Onun sözlərinə görə, tüstü bacalarının təmizlənməməsi zəhərlənmə halları üçün şərait yaradır:
"Sovetin dövründə, mütəmadi şəkildə tüstü bacalar təmizlənirdi.
Günümüzdə isə hər kəs tüstü bacalar təmizlənməlidir deyir, ancaq bu işə kim baxır, naməlumdur. Vətəndaşdan tüstü bacanın təmizlənməsi üçün 20 manat istəyirlər. Haradan alsın 20 manatı? Belə olmaz axı, bu gedişlə zəhərlənmələrin sayı daha da artacaq".