RU

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin builki növbəti görüşü baş tutub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, onlayn formatda keçirilən görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri, həmçinin ADA Universitetinin prorektorları və Corc Vaşinqton Universitetinin professor heyəti iştirak ediblər.

ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru Vəfa Kazdal, Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Qeydiyyat və Tələbə xidmətləri üzrə prorektoru Günay Ziyadova, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov görüşün gündəliyindən və qarşıda duran məsələlərdən bəhs ediblər.

Corc Vaşinqton Universitetinin Kompüter elmləri kafedrasının sədri Rebeka Ha,  Elektrik və kompüter mühəndisliyi kafedrasının sədri Tarik Əl-Qazavi, eyni kafedranın sədr müavini Can Korman ADA Universiteti tələbələrinin ABŞ-dəki təhsil həyatını, proqramların akademik məzmununun inkişafını müzakirə ediblər. 

Tərəflər gələn ilin yanvar ayında ABŞ-də təhsil alacaq 14 tələbənin səfərinin planlaşdırılması, məzunlara təqdim edilən karyera fürsətlərinin sayının artırılması kimi məsələlərə də toxunublar.

İkili diplom proqramı tələbələrinin akademik nailiyyətlərinin müqayisəsini və analizini aparan Rəhbər Komitə üzvləri bildiriblər ki, gənclərin məzun olduqdan sonra ölkəmizdə peşəkar fəaliyyətlə məşğul olmaları Kompüter elmləri, Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə daha çox kadrların yetişməsinə səbəb olacaq.

Xatırladaq ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edərək ikili diplom proqramları təklif etməyə 2020-ci ildən etibarən başlayıb. Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 121 tələbə qəbul edilib. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

Qeyd edək ki, yeni təqdim edilən Kompüter Mühəndisliyi və Yüksək Performanslı Hesablamalar ixtisasına qəbul 2025-ci ildən etibarən aparılacaq.

 

Избранный
22
tehsil.biz

1Источники