RU

Dünyanın 13 ölkəsini təmsil edən səyyahlar Ağdamda olublae

Dünyanın
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun dünyanın 13 ölkəsindən olan 33 nəfərlik səyyah qrupu Şuşadan sonra Ağdama gəlib. Məşhur səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, həmçinin şəhər işğaldan azad olunduqdan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Xarici səyyahlar sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Daha sonra səyyahlar Ağdam İmarət Kompleksinə gəliblər. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib. Bildirilib ki, Ağdam şəhər mərkəzi ilə bərabər, ətraf bir neçə kəndə də tikinti-quruculuq işləri görülür və yaxın gələcəkdə keçmiş məcburi köçkünlərin Ağdama qayıdışı təmin olunacaq.
Избранный
12
4
1news.az

10Источники