RU

Azər Zeynalov: "O, Azərbaycan incəsənətində xeyli iş gördü"

Xalq artisti Şahlar Quliyev Azərbaycan incəsənətində xeyli iş görüb, teatrda uğurlu rollar oynayıb.

News365.az xəbər verir ki, bu sözləri mərhumun vida mərasimində iştirak edən Xalq artisti Azər Zeynalov deyib.

O bildirib ki, Şahlar Quliyev Azərbaycan teatrının görkəmli simalarından olub:

“Teatra ilk gəldiyim zamandan Şahlar müəllimlə birgə fəaliyyətə başlamışıq. “Arşın mal alan”, “Sevil”, “O olmasın, bu olsun”da və digər tamaşalarda onunla bərabər çalışmışıq. Məndən bir qədər böyük olsa da, Şahlar müəllim özündən kiçiklə də dostluq etməyi bacarırdı. Çox nəcib, gözəl ailə başçısı, yaxşı dost idi. Bilirəm ki, ailəsi və sənət dostları bu itkini əzablı hadisə kimi hiss edir. Xəbəri eşidəndən özümüzə yer tapa bilmirik. Yeganə təskinliyimiz odur ki, o Azərbaycan incəsənətində xeyli iş gördü, teatrda uğurlu rollar oynadı. Hesab edirəm ki, ona pərəstiş edən tamaşaçıları var".

Mərhumun oğlu, həmçinin aktyorluq fəaliyyəti ilə məşğul olan Nofəl Şahlaroğlu atasının uzun illər xəstəlikdən əziyyət çəkdiyini bildirib: "Mən atamı yox, böyük sənətkarı, sanki bir məktəbi itirdim. Atam böyük sənətkar idi və ömrünün 49 ilini məhz teatra həsr edib. Kaş o məktəb qalaydı, daim öz məsləhətlərini verəydi. Azərbaycan incəsənəti, teatrı, operası 50 ildən sonra başa düşəcək ki, necə böyük bir sənətkar itirib. Çünki akademik teatr, opera teatrı böyük janrdır, ciddi musiqi və sənətdir. Hər kəs bunun öhdəsindən gələ bilməz”.

Məlumat üçün bildirək ki, Xalq artisti Şahlar Quliyev bu gün səhər saatlarında 78 yaşında uzun sürək xəstəlikdən sonra vəfat edib.

Избранный
7
1
news365.az

2Источники