RU

Sosial şəbəkələr gəncləri təhsil və işdən yayındırır?

Sosial şəbəkələrin gənclərə təsiri müasir dövrdə çox müzakirə olunan məsələlərdən biridir. Həm valideynlər, həm təhsil işçiləri, həm də psixoloqlar bu mövzuda müxtəlif fikirlər irəli sürürlər. İnformasiya və texnologiyaların sürətli inkişafı, insanların həyatına sosial medianın daxil olması ilə bərabər, gənclərin də bu platformalarda keçirdiyi zaman artmışdır. Bu, müəyyən narahatlıqlar doğurur. Bir tərəfdən sosial şəbəkələr gənclərə geniş dünya ilə əlaqə qurmaq, məlumat əldə etmək, öz bilik və bacarıqlarını paylaşmaq imkanı verir. Digər tərəfdən isə, bu platformalar bəzən gənclərin vaxtının səmərəsiz keçməsinə, hətta bəzi hallarda asılılıq yaradan bir vasitəyə çevrilməsinə səbəb olur.

Gənclər sosial şəbəkələrdən müxtəlif məqsədlərlə istifadə edirlər. Onların böyük bir hissəsi bu platformaları əyləncə və sosiallaşma məkanı kimi qəbul edir. Ancaq bu proses bəzən normadan kənara çıxaraq, sosial şəbəkənin istifadə müddətini və məqsədini düzgün tənzimləyə bilməməyə gətirib çıxarır. Bir çox gənc vaxtının böyük hissəsini sosial medianın təsiri altında keçirir, bu da onların həyatlarına müxtəlif mənfi təsirlər göstərə bilir. Sosial şəbəkələr bir çoxları üçün həyatın ayrılmaz bir parçasına çevrildiyi üçün, bu təsirlərin fərqli yönlərdən qiymətləndirilməsi vacibdir.

Texnologiyaların həyatımıza gətirdiyi yeniliklər bir tərəfdən insanların iş, təhsil, sosial həyatlarına asanlıqla uyğunlaşmalarını təmin etsə də, digər tərəfdən də, bəzi fəsadlar yaradır. Sosial şəbəkələrdən doğru istifadə etmək, balansı qorumaq isə hər bir gəncin öz məsuliyyətindədir.

Sosial şəbəkələrin gənclərin həyatında hansı rolu oynayacağı onların bu platformalardan necə istifadə etmələrindən asılıdır. Gənclər sosial medianın onlara yaratdığı imkanlardan faydalana bilirlərsə, bu, onların təhsilinə, inkişafına və uğur qazanmasına xidmət edir. Amma əgər bu platformalar onları təhsildən, işdən və real həyatdan uzaqlaşdırırsa, bu halda ciddi problemlər meydana çıxa bilər. Gənclərin sosial şəbəkələrə yanaşma tərzini dəyişmək və onları düzgün istiqamətləndirmək üçün həm ailələr, həm də təhsil müəssisələri müvafiq tədbirlər görməlidir.

Sosial şəbəkələr gəncləri təhsildən və işdən tamamilə yayındırırmı?- sualını sosioloq Lalə Mehralıya ünvanladıq: 

-Birmənalı olaraq sosial şəbəkələr gəncləri təhsildən, işdən uzaqlaşdırır deyə bilmərik. Bu tamamilə spesifik məsələdir. Çünki insandan-insana dəyişən vəziyyət var ki, birinə şamil olunan bütün gəncliyə şamil olunmamalıdır. Gənclər var ki, sosial şəbəkədən ağılla istifadə edir, özünə lazım olan əlaqələri qurur, uzaq məsafələri yaxınlaşdırır, təhsildə ona lazım olan mənbələri bu vasitələrlə tapır və s. Sosial şəbəkələr təhsilinə bir növ dəstək olur. Gənclər də var ki, daha çox asılılıq yaratdığı üçün gününü sosial şəbəkədə keçirir. Beləcə həyat şərtləri, keyfiyyəti, təhsildə müvəffəqiyyəti enir, uğurları azalır. Ona görə də məsələni kimin necə istifadə etdiyinə yönəltməliyik. Elə gənclər var ki, bu, onlar üçün alətdir. Öz ideallarına və məqsədlərinə çatmaqdan ötrü sosial şəbəkə ora gedən bir yoldur. Eləsi də var ki, elə idealını, məqsədini sosial şəbəkədə görür, həyatını orda qurmağa çalışır. Bu onlara təlqin edilən, göstərilən, zorla beyinlərinə yeridilən sosial şəbəkə fenomenlərinin parıltılı həyatına aludə olduqları üçün yaranan vəziyyətdir. Görür ki, sosial şəbəkədə bir neçə videoyla məşhur olmuş insanlar və onların yaxşı gəliri var. Ona görə də fikirləşir ki, mən də onun kimi ola bilərəm və təhsil almağım o qədər də əhəmiyyətli deyil. Bilmək lazımdır ki, hamı o yolu rahatlıqla keçə bilmir. Ümumiyyətlə, o məhşurluğu əldə etmək üçün özündən çox şey itirməlisən. Bəzən ədəbini, bəzən əxlaqını, bəzən məhrəmiyyətini. Bunların müqabilində pul qazana bilərsən, ancaq verdiklərin artıq sənə geri qayıtmır. Gənclər bunun fərqində olmalıdırlar.

Sosioloq Üzeyir Şəfiyev:

-Sosial şəbəkə reallığında yaşayırıq və rəqəmsal cəmiyyət, internet əsri bizi bu reallıqlarla yaşamağa dəvət edir və biz bunu qəbul etməliyik. Biz onları aradan qaldıra, ləğv edə bilmərik. Sadəcə olaraq, sosial şəbəkələrin faydalı imkanlarından istifadə etməliyik. Əlbəttə, sosial şəbəkə platformalarının neqativ fəsadlı tərəfləri də var. Baxmayaraq ki, "TikTok" Çində ərsəyə gəlib, ancaq orada onun analoqundan istifadə olunur. Uşaqlarda klip sindromunu-yəni, fraqmental düşüncə formalaşdırdığını, analitik təfəkkürü zəiflətdiyini nəzərə alaraq uşaqlar üçün konkret 45 dəqiqəlik limit müəyyənləşdirilib. Böyüklər üçün də. Deməli əmək qabiliyyətli insanların enerjisini tükəndirdiyinə  və əmək məhsuldarlığına təsir etdiyinə görə böyüklər üçün müəyyən müddət üçün qadağan olunub. Eləcə də Avropa İttifaqına daxil olan ölkələr sosial şəbəkə reallığından istifadəni məmurlar üçün məhdudlaşdırıb və qadağan edib. Bəzi ölkələrdə, o cümlədən qardaş Türkiyə Respublikasında sosial şəbəkə platformalarının fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Bəli, sosial şəbəkə platformaları əslində onlarla, yüzlərlə, minlərlə insan üçün iş imkanları açır, özünü aktuallaşdırmaq şəraiti yaradır, praqmatik faydalar verir. Ancaq onun neqativ təsirləri də var. Sosial şəbəkə platformaları asılılıq yaradır. Asiya ölkələrində, Yaponiyada, Çində bu asılılıq üçün xəstəxanalar var. Əlbəttə, elə gənclər var ki, praqmatik məqsədlərlə istifadə etmir. Özünə qapanma, asosiallıq və s. kimi mənfi hallar yaradır və şübhəsiz ki, belə fəsadlarına görə onların təhsil və eyni zamanda, cəmiyyətə inteqrasiyasında problemlər meydana çıxır. Ancaq bəzi gənclər də var ki, sosial şəbəkə platformalarının verdiyi müsbət imkanlardan istifadə edərək daha böyük faydalar əldə edir və həm təhsilini, həm dil biliklərini inkişaf etdirmək üçün və s. hallarda istifadə edirlər. Ona görə çox yaxşı olar ki, Azərbaycanda da sosial şəbəkə vahidlərinin fəaliyyətini tənzimləyən qanun olsun və bu qanun olarsa, uşaqlar və yaşlılar üçün limitlər də müəyyənləşər və eyni zamanda, sarı informasiyaların və paylaşımların sosial şəbəkə platformalarında yerləşdirilməsinin qarşısını almış olarıq. Eyni zamanda, çox yaxşı olar ki, 2017-ci  ildə Almaniya hökumətinin sosial şəbəkə operatorları ilə əldə etdiyi razılığı biz də bu təcrübədən istifadə edib əldə edək. Belə ki, Almaniya hökuməti həmin sosial şəbəkə platformaları ilə razılıq əsasında sosial şəbəkə platformalarında saxta adlarla bir-birini aşağılayan, sarı informasiyalar paylaşan istifadəçilərin kimliyini müəyyənləşdirib Almaniya hökumətinə təqdim edilir. Bu addımı biz də həmin sosial şəbəkə platforma operatorları ilə danışa bilərik və bununla da bu sosial şəbəkə platformalarının fəsadlarını xeyli azaltmış olarıq. Valideynlər fərqində olmalıdırlar ki, bu günləri sosiallaşma institutu kimi təkcə ailə, məktəb, bağça deyil, həm də sosial şəbəkələr, sosial media, internet resursları rol oynayır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники