RU

21. Müəllim-şagird münasibəti: inam-dəyər, yoxsa..?

Ailədən sonra ən mühüm təlim-tərbiyə ocağı, şübhəsiz ki, məktəbdir. Məktəb, ailə kimi təbii bir qurum olmaqdansa, müəyyən məqsədlərə çatmaq üçün yaradılmış ictimai təşkilatdır. Uşaq ailədə bir çox rol və vərdişlər qazansa da, bu mühitdə bütün inkişafını tamamlaya bilmir. Çünki ailə mühitindən sonra uşaq müxtəlif mühitlərə daxil olur və ailə ilə birlikdə bu müxtəlif mühitlərdə daha da inkişafını davam etdirir.
Məhz ailədə uşaq fiziki, əqli və emosional cəhətdən müəyyən yetkinliyə çatır. Məktəb isə tədris fəaliyyətinə daxil olan xarakter formalaşması, vətəndaşlıq tərbiyəsi və ailə tərbiyəsinin tamamlayıcısı və davamıdır. Bundan əlavə, ailənin yaratdığı müxtəlif nöqsan və səhvləri düzəltmək məktəbin üzərinə düşür, ona görə də bu mənada məktəbin və müəllimin üzərinə düşən vəzifələr də çox önəmlidir.
Məktəb təhsil sisteminin əsasını təşkil edən, təlim və tədris prosesinin baş verdiyi, məktəbdaxili sosial münasibətlərin qurulduğu yerdir. Məktəbdaxili münasibətlər həm tədris prosesinin məhsuldarlığına, həm də şagirdlərin akademik göstəricilərinə təsir edən mühüm amillərdəndir. Şagirdlər vaxtlarının çox hissəsini məktəbdə müəllimləri və sinif yoldaşları ilə keçirirlər. Müəllim şagirdlər üzərində əhəmiyyətli nüfuza malik olduğundan müəllim-şagird münasibətləri digər mübnasibət növlərinə görə təhsilin keyfiyyətinə və şagirdlərin fərdi, mədəni inkişafına daha çox təsir edir. Yaxşı bir müəllimə sahib olan uşaqların özünəinam duyğusu artır, dərs zamanı fəal olur, həm təhsil müəssisəsinə, həm də sinif yoldaşlarına qarşı daha humansit davranır. Lakin səriştəsiz müəllimə sahib şagirdlərin özlərinə inamı və öyrənmə səviyyələri aşağı düşür. Əslində, yaxşı-pis müəllim və yaxşı-pis şagird anlayışı yoxdur, sadəcə, düzgün ünsiyyət qura bilməyən şagird və kommunikativ bacarıqlarını inkişaf etdirməmiş müəllim vardır. Yəni, burada inkişafa ehtiyacı olan tərəf, sadəcə, onların bir-birlərinə olan yanaşmasıdır. Bu səbəblə müəllim-şagird arasında qarşılıqlı inam-dəyər-ünsiyyət-sevgi-hörmətə söykənən münasibətlər qurmaq çox vacibdir.

Bəs şagird-müəllim münasibətləri uşağın təhsil və sosial həyatına necə təsir edir? Müəllimin uşağa necə davranması onun şəxsiyyətinin formalaşmasına təsiri varmı?

Sosioloq Gülər İsmayılova bildirir ki, şagirdlərlə müəllimlər arasında sağlam münasibətlərin qurulması şagirdlərin məktəb həyatı boyu sosial inkişafına və akademik uğurlarına təsir göstərə bilir:

"Ümumiyyətlə, tək ölkəmizdə deyil də, dünyanın istənilən bölgəsində, araşdırmalar da bunu göstərir ki, xüsusilə ibtidai məktəb dövründə müəllim-şagird münasibətlərinin keyfiyyəti uşaqların inkişafında daha mühüm amildir. Orta məktəb şagirdləri üçün bu münasibət onların məktəbi davam etdirmək istəyinə böyük təsir göstərir.
Eyni zamanda, müsbət müəllim-şagird münasibətlərinin qurulduğu siniflərdə şagirdlər daha fəal olur və sinifdə daha ahəngdar davranırlar. Bu şagirdlərin motivasiyasının digər şagirdlərə nisbətən daha yüksək olduğu, öyrənməyə daha həvəsli olduğu və daha yaxşı çıxış etməyə çalışdığı da görünür.
Müsbət müəllim-şagird münasibətinə yaxınlıq, isti münasibət, qayğı və dəstək daxildir. Yaxın və isti münasibətdə müəllim şagirdinə şəfqətlə yanaşır. Şagirdin maraq, qabiliyyət və şəxsiyyət xüsusiyyətlərini bildiyindən onunla ünsiyyətdə bu kanallardan səmərəli istifadə edir. Qayğıkeş münasibətdə müəllim şagirdi dinləyir və şagirdin köməyə ehtiyacı olub-olmadığını soruşur. Dəstəkləyici münasibətdə müəllim şagirdin emosional, inkişaf və akademik ehtiyaclarını bilir və onları qarşılamağa çalışır.
Müsbət münasibətin olduğu siniflərdə şagirdlər müəllimlərinə güvənir və özlərini təhlükəsiz hiss edirlər. Bu anlayışların hər ikisi effektiv öyrənmə mühitinin yaranması üçün çox vacibdir. Müəlliminə güvənməyən şagird fikrini ifadə etməkdə çətinlik çəkə, sual verməkdən çəkinə bilər. Sinif mühitində özünü təhlükəsiz hiss etməyən şagird öyrənmə mühitini araşdırmaqdan, müəllimi və dostları ilə ünsiyyətdən uzaq qala, dərsə diqqət yetirməkdə çətinlik çəkə bilər.
Şagirdləri ilə müsbət münasibət quran müəllimlər, şagirdlərinin edə bilmədiklərini deyil, nə edə biləcəyinə diqqət yetirirlər. Bu, şagirdlərə qəbul olunmaq hissi verir.
Sinifdə müəllimi tərəfindən qəbul edildiyini görən və bunu hiss edən şagird həm özü, həm də dostları haqqında müsbət təsəvvürlər formalaşdırır. Bu, sinifdə müsbət ab-hava yaradır. Uşaq bağçası və ibtidai məktəb dövrləri şagirdlərin özləri haqqında düşüncələrinin formalaşdığı dövrlər hesab edildiyi üçün bu dövrlərdə müsbət təcrübələr yaşamaları çox vacibdir.
Belə olduqda şagirdlər təşəbbüskar və uğurlu olmaq hisslərini yaşayır və özləri haqqında "bacarıram", "mən bacara bilərəm", "mən idarə edə bilirəm" kimi düşüncələr inkişaf etdirirlər. Şagirdin özü haqqında belə müsbət düşüncələri varsa, bu, onu bütün təhsil və iş həyatı boyu daha uğurlu edir.
Şagird və müəllim arasında müsbət, möhkəm münasibət qurmaq bacarığı ilk baxışda çətin bir iş kimi görünsə də, güclü öyrənmə mühiti yaratmaqla bunu asanlıqla yerinə yetirmək olar. Öyrənmə özlüyündə bir proses deyil; Effektiv öyrənmə mühiti cəlb olunan bütün fərdlərin bir-birindən öyrəndiyi yerdir. Şagirdlər müəyyən bir fənni müəllimdən öyrənərkən, müəllim şagirdlərdən fikirlər əldə etməklə öz tədris bacarıqlarını təkmilləşdirməyi və dərsləri daha maraqlı etməyi öyrənir. Beləliklə, hər iki tərəf bir-birindən öyrənir. 
Bir çox keyfiyyətlər müsbət münasibəti təsvir edir və güclü şagird-müəllim münasibətlərinin yaradılmasına yol aça bilər. Bunlara yaxşı ünsiyyət, təhlükəsiz öyrənmə mühiti və qarşılıqlı hörmət, müsbət və səbirli münasibət, şagird  bərabərliyi və vaxtında təriflər daxildir. 
Əlbəttə ki, bütün şagirdlər eyni deyil. Bəziləri öyrədilən anlayışları tez qavrayaraq öyrənmə prosesində fəal iştirak etsə də, aralarında utancaq, dərsə maraqsız yanaşan və ya olduqca nadincləri də mütləq olur. Təəssüf ki, bu zaman şagirdə qarşı səbrsiz davranan müəllim şiddətə üz tutur və uşağı şiddət göstərməklə yola gətirə biləcəyini düşünür.
Başqaları üzərində güc və nəzarət əldə etməyə yönəlmiş hər hansı zorakılıq və ya təhqiramiz davranış cəmiyyətdəki bərabərsizliklərə əsaslanır. Uşaqlara qarşı zorakılıq edənlərlə onların qurbanları arasında da güc balanssızlığı var. Uşaqların fiziki, cinsi, emosional, psixoloji, mənəvi, mədəni və ya şifahi olaraq məruz qala biləcəyi zorakılıq bir dəfə baş verə bilər və ya aylarla, illərlə davam edə bilər. Emosional zorakılıq, emosional pis rəftar, psixoloji zorakılıq və ya şifahi zorakılıq terminləri tez-tez bir-birinin əvəzində istifadə edilsə də, fiziki zorakılıq və fiziki cəza arasındakı fərq aydın deyil. Fiziki zorakılıq yaralanmaya səbəb ola biləcək və ya xəsarət yetirmək məqsədi ilə həyata keçirilən hərəkətlər kimi müəyyən edilir. Fiziki cəza, uşağın nadinc davranışını idarə etmək və ya düzəltmək üçün zədə deyil, cəza vermək məqsədi ilə tətbiq edilən hərəkətlər kimi müəyyən edilir.
Müəllimin hər hansı bir şəkildə şagirdə pis rəftar göstərməsi müəllim-şagird münasibətlərinə təsir edir. Müəlliminə hörmət etmək əvəzinə ondan qorxmağı öyrənən uşaq üçün müəllim ondan qorxulacaq və qaçınılacaq bir şəxs halına gələ bilər. Uşaqları qorumaq, dəstəkləmək və onlara kömək etmək üçün məsuliyyət daşıyan şəxslərin şiddət göstərdiyinin şahidi olmaq uşaqlarda qorxu, qəzəb, aqressivlik, aşağı özünə hörmət, etibarsızlıq, ünsiyyət problemləri, həmyaşıdları ilə münasibətlərdə problemlər və öyrənmə problemlərinə səbəb olaraq inkişafa təsir göstərə bilər. 
Bütün bunları düşünərək nəzərə almaq lazımdır ki, istənilən hallarda şiddət bir çıxış yolu, tərbiyə üsulu hesab edilməməlidir. Şagirdlərin məruz qaldığı emosional və fiziki zorakılığın yayılmasının və zorakılığa məruz qalma riski yüksək olan qrupların müəyyən edilməsi bu kimi halların qarşısının alınması üçün həll yollarının hazırlanmasında vacibdir.
Unutmamaq lazımdır ki, müəllim-şagird münasibətlərinin psixoloji ölçüsü təhsil prosesinin təməl daşlarından biridir. Emosional bağ yaratmaq, güvən və dəstək vermək, şagird motivasiyasını artırmaq, müsbət sinif mühiti yaratmaq, ünsiyyət və empatiya kimi psixoloji strategiyalar şagirdlərin akademik uğurlarına və sosial-emosional inkişafına müsbət təsir göstərir. Buna görə də, müəllimlərin müvəffəqiyyətli və məmnun bir təhsil təcrübəsini təmin etmək üçün psixoloji strategiyalara diqqət yetirərək şagirdlərlə sağlam və dəstəkləyici əlaqələr qurması vacibdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники