RU

BRICS hədəfləri: Nə üçün tərəfdaş və ya üzv ölkə OLA BİLMƏDİK?

BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiya birliyə üzv olub. Bu il oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə keçirilən XVI BRICS Sammitinin nəticələrinə görə, birliyə yeni üzvlər qəbul olunmayıb.

Amma BRICS iştirakçıları tərəfdaş dövlətlər üçün meyarlar barədə razılığa gəliblər. Beləliklə də, Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnama tərəfdaş statusu verilib.

Bəs Azərbaycan BRICS Sammitdən hansı divident əldə etdi? Nə üçün Azərbaycanı üzv və ya tərəfdaş ölkələr sırasında görə bilmədik?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycana BRICS-in tərəfdaş ölkəsi statusunun verilməməsi diqqət çəkən məsələdir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı əsasən Qərbə bağlıdır: “Sammitdən öncə belə bir fikirlər səsləndirildi ki, Azərbaycan da üzvlük üçün müraciət edib. Amma indiki halda nə üzvlük, nə də tərəfdaş ölkə statusu yoxdur. Nə üçün belə olub, bununla bağlı rəsmi qurumlar açıqlama verərsə, daha yaxşı olar. Hadisələrə iqtisadi nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanın BRICS ölkələrindən yalnız Çin ilə əlaqələri genişdir. Yəni, daha çox məhsul bu ölkədən idxal edirik. Lakin Azərbaycan iqtisadiyyatı demək olar ki, tamamilə Qərbə bağlıdır. İstər ixrac istiqamətlərini, istərsə də investisiya məsələlərini nəzərə alsaq, bu, belədir”.

İqtisadçı-ekspert deyib ki, Azərbaycan logistik mərkəzə çevrilmək üçün BRICS-ə bir vasitə kimi baxır: “Azərbaycanın ixracatında Türkiyə, İsrail, Böyük Britaniya, İsveçrə mühüm yer alır. Coğrafi olaraq Qərb və Avropa İttifaqının əsas ticarət tərəfdaşımız olduğunu müşahidə edirik. Azərbaycanın ixracatının az qala 80 faizi həmin ölkələrin payına düşür. İnvestisiyalara baxsaq görərik ki, təqribən elə o faiz nisbətində Azərbaycana qoyulan sərmayələr yenə həmin ölkələrin payına düşür. Bu səbəbdən də qeyd edə bilərik ki, Azərbaycan investisiyaları Qərbə bağlıdır. BRICS isə daha çox logistik mərkəzə çevrilmək üçün yeni vasitə kimi Azərbaycanda nəzərdən keçirilir. Yəni, Şərq-Qərb, Cənub-Şimal dəhlizinin mərkəzində yer alan Azərbaycan bundan iqtisadi dividentlər qazanmaq istəyir”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, BRICS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil: “BRICS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Tələsmək lazım deyil. Azərbaycan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır, hələ ki, bu kifayətdir. BRICS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRICS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRİCS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir”.

Nailə QASIMOVA

Избранный
30
50
medianews.az

10Источники