İtalyan mütəxəssis Roberto Mançini futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı yığma komandasının mətbuat xidmətinə istinadən məlumat verir.
Mançini çalışdırdığı kollektivin qeyri-qənaətbəxş nəticələrinə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin korlanmasına görə vəzifəsindən azad edilib. Ələlxüsus, komandanın son 5 oyunda cəmi 1 qələbə qazanması mənzərəsində italyan mütəxəssislə ərəb komandasının futbolçuları və rəhbərliyi arasında fikir ayrılığının yarandığı vurğulanır.
Xatırladaq ki, Mançini Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına 2023-cü ilin avqust ayında gətirilmişdi. İtalyan mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Çalışdırdığı müddətdə Mançini Səudiyyə Ərəbistanı yığmasını 18 oyuna çıxarıb, 7 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 26:22 nisbətindədir.
59 yaşlı Mançininin növbəti addımları barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) isə komandanın sükanını, yığmanı daha əvvəl 2019-cu ilin iyun ayından 2023-cü ilin mart ayına qədər çalışdırmış fransız mütəxəssis Erve Renara həvalə etmək istəyir.