RU

Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.

ACF-dən AZƏRTAC-a verilən məlumata görə, bu əməkdaşlıq sayəsində Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin ediləcək. Nəticədə ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.

R.Rəsullu bildirib ki, bu əməkdaşlıq ölkədə cüdonun hərtərəfli inkişafını təmin etmək istiqamətində mühüm addımdır: “Federasiyanın 2024-2028-ci illər üzrə inkişaf strategiyasının əsasında cüdo idman növü üzrə ən müasir tələblərə cavab verən məşqçilərin yetişdirilməsi və onların inkişafı dayanır. Bu təşəbbüslə biz Azərbaycanın cüdo gələcəyinə sərmayə qoyur və məşqçilərimizin ən yüksək beynəlxalq standartlara uyğun təlim almalarını təmin edirik”.

Hertfordşir Universitetinin professoru Mayk Kallen qarşılıqlı rifah prinsipinin federasiyanın işinin əsasını təşkil etdiyini vurğulayıb: “Federasiya fəaliyyətini təkcə milli komandaların üzvləri olan idmançıların inkişafı ilə məhdudlaşdırmır, eyni zamanda cüdo ekosistemində olan bütün tərəfdaşlarla birgə çalışaraq qarşılıqlı fayda təmin edən bir icma yaratmaq istiqamətində mühüm addımlar atır. Əminəm ki, bu layihə Azərbaycanda yeni nəsil cüdo məşqçilərinin yetişməsinə birbaşa töhfə verəcək”.

İdman Akademiyasının rektoru Fuad Hacıyev bu əməkdaşlığın Azərbaycanda cüdo təhsili və məşqçiliyin keyfiyyətinin artırılması, həmçinin, gələcək nəsillərin idmanla daha təhlükəsiz və sağlam şəkildə məşğul olması üçün əhəmiyyətli bir fürsət olduğunu bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Hertfordşir Universiteti ilə əməkdaşlığın aparılmasından və Britaniya təcrübəsinin tətbiq olunmasından məmnunluğunu ifadə edib, gələcək nəsillərin təhsili və sağlamlığı üçün əhəmiyyətli addım olan mərasimə dəvət olunduğuna görə minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları praktiki dərsə baxış keçiriblər.

Избранный
9
11
azertag.az

10Источники