RU

Öcalanla 43 ay sonra ilk görüş - Nə danışılıb?

Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”. 

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Məhz Baxçalının bu təklifindən sonra Öcalanla ilk görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı tanınmış jurnalist, “Hürriyet”in köşə yazarı Abdulkadir Selvi yayıb.

Onun sözlərinə görə, Öcalanla ilk görüş 43 aydan sonra baş tutub.

PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən Öcalanın hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşüb. Türkiyə vaxtı ilə saat 11:00-da başlayan görüşün 2 saat davam edib.

PKK rəhbərinin görüşdə təcrid şərtləri aradan qaldırılarsa və ünsiyyət imkanı yaradılarsa, silahların yerə qoyulmasında rol oynaya biləcəyi mesajını verdiyi bildirilir.

“Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram. Təşkilatı silahı yerə qoymağa çağıracağam”, - deyə Öcalan bildirib.

“Belə aydın olur ki, MHP lideri Baxçalının gündəmə gətirdiyi “Umut hakkı” qanun layihəsi Öcalan üçün ümidverici olub”, - jurnalist yazıb.

O, daha sonra Öcalanın bir müddət əvvəl təcridxanadan tabutla çıxmaq istəmədiyini də sözlərinə əlavə edib.

Amma Kandilin (PKK-nın məskunlaşdığı ərazi - red.) Öcalanın bu mesajına necə cavab verəcəyi maraqlıdır. Belə ki, 2013-cü ildə Novruz bayramı zamanı Abdullah Öcalan Diyarbəkir meydanında on minlərlə insanın qarşısında verdiyi açıqlamada təşkilatı silahı yerə qoymağa və demokratik siyasətə çağırmışdı. Ancaq Kandil Hendekdə döyüşlərin, təktərəfli müharibə prosesinin başladığını bəyan edərək həll prosesinə mane olmuşdu.

Dediyim kimi, Kandilə həll proseslərində təsir edə bilməyən PKK lideri Abdullah Öcalanın 43 aydır heç kimlə görüşünə icazə verilmirdi. Baxçalının çağırışı ilə PKK-nın tərksilah edilməsi və terrora son qoyulmasında yenidən təşəbbüs göstərmək istədiyini deyən Öcalana sonuncu dəfə şans verildiyi bildirilir.

Görək bu dəfə Öcalanın Kandilə təsiri olacaqmı?!”

Избранный
18
7
qafqazinfo.az

10Источники