RU

AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı

Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər məntiqdən uzaqdır. Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı “reallığı” əks etdirmir. Bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan öz səmərəsini itirib.

“Avropa İttifaqının aidiyyəti qurumları nədənsə, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə qiymət verməyib. Bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlər, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətinə qarşı hansısa bir mövqe sərgilənməyib. Fransada siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər”in aksiyalarda həyatlarını itirməsi kimi faktları belə Avropa Parlamenti görmək istəmir. Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara da Avropa Parlamenti öz səsini çıxartmır”, - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, Avropa Parlamenti Avropa Birliyinə üzv olan ölkələrin Parlament Assambleyasıdır:

“Azərbaycan bu birliyin üzvü deyil. Ancaq bununla belə Assambleyanın Azərbaycanla bağlı ara-sıra qərəzli qərarlar qəbul etməsi, sadəcə olaraq təəccüb doğurur. Səlahiyyətindən və regiondan kənara çıxaraq hansısa bir ölkə haqqında qərar vermək hüququnun onlar üçün əsas olmadığını göstərir. Azərbaycanda hüquq və azadlıqlar ən yüksək səviyyədə təmin edilib. İnsan haqqları yüksək səviyyədə qorunur. Demokratik prinsiplər dövlət tərəfindən daima yüksək tutulur. Seçkilərdə, vətəndaşların hüquqlarının qorunmasında bu amillər özünü təsdiq edir”.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda iki həftədən sonra COP29 kimi böyük mötəbər tədbir keçiriləcək:

“Çox sayda qonaq ölkəmizə qələcək. Azərbaycan dünya mətbuatının diqqətində olacaq. Bu isə Avropada müəyyən anti-Azərbaycan mərkəzlərinin heç də xoşuna gəlmir. Onlar Azərbaycanı gözdən salmağa, ölkəmizlə bağlı mənfi fikir yaratmağa çalışırlar. Amma bu kimi cəhdlərə baxmayaraq COP29 əhəmiyyətli bir tədbir kimi dünyanın diqqətində olacaq. Bu cür anti-Azərbaycan hərəkətləri isə ilk növbədə Avropa Parlamentinin özünün nüfuzuna təsir edəcək. COP29-u isə Azərbaycan yüksək səviyyədə keçirəcək. Ölkəmiz özünün inkişafı, demokratiya və hüquqa bağlılığı isə kiminsə məsləhəti olmadan ilk növbədə dövlətimizin marağı olduğuna görə daima bu istiqamətdə gediləcək”.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
26
1
teleqraf.com

2Источники