RU

Peşə məktəblərində təhsil alanların köçürülməsi və bərpası prosesinə başlanılıb

Peşə

Bakı, 22 oktyabr, AZƏRTAC

2024/2025-ci tədris ilinin birinci yarısı üzrə peşə məktəblərində təhsil alanların köçürülməsi və bərpası prosesinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciətlər oktyabrın 31-i saat 18:00-dək qəbul ediləcək.

Təhsil müəssisəsini və ya ixtisasını dəyişən və peşə məktəbinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Bu qayda eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.

İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.

 

Избранный
3
7
azertag.az

9Источники