RU

Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

Qubadlının işğaldan azad olunmasından 4 il ötür. 2020-ci il oktyabrın 25-i qürur və şərəf tarixi kimi xalqın yaddaşına əbədi həkk olunub. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir, səthi əsasən, dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Bu rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə, rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayon ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır.
Rayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, həmçinin Mollabürhan kəndinin cənubunda tuf daş, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bu gün isə Qubadlıya yeni həyat gəlib. Rayon tam şəkildə yenidən qurulur. 44 günlük şanlı Zəfər tariximizdən artıq dörd illik zaman ötür. “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi.
2020-ci ilin sentyabrın 27-də başlanan Zəfər yürüşünün 29-cu günü Qubadlı şəhərinin işğaldan azad olunması ilə nəticələndi. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Ermənistan hərbi birləşmələri bu rayon mərkəzində güclü istehkamlar qurmuşdular. Həmçinin, yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Rəşadətli ordumuzun gücü qarşısında düşmənin qaçmaqdan başqa çarəsi qalmamışdı. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək cəmi bir neçə gün çəkmişdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlkin olaraq şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu.
Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhərinin düşmən işğalından azad edilməsi Vətən müharibəsində böyük Qələbəni daha da yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu bu medalla təltif edilmişdir.
Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın hərbi cinayətlərinin üstünü açdı. Məlum oldu ki, ermənilər burada müdafiə istehkamları və hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün Xanlıq kəndində qəsəbə salmışdılar. Burada qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada yerləşdirmişdilər.
Prezident İlham Əliyevin sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. İşğaldan azad edilən rayon və şəhərlərimiz kimi, Qubadlı da yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər, qısa zamanda, qubadlıların da öz ata-baba yurdlarına elliklə geri dönərək burada əbədi-xoşbəxt yaşayacağına zəmin yaradır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Избранный
2
3
sesqazeti.az

5Источники