RU

“Azərbaycan Dəmir Yolları” milli standartlaşdırma proqramı üzərində işləyir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastrukturu və heyətinin təhlükəsizliyi ilə bağlı milli standartlaşdırma proqramı üzərində işləyir. SİA xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.

"Biz mövcud xətlərin yenilənməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni tikinti layihələri icra edirik. Bu, təkcə həmin regionların bərpası deyil, həm də bu ərazilərin milli və beynəlxalq iqtisadiyyata inteqrasiyası ilə onların iqtisadi potensialının açılmasıdır. Yeni dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznesi, ticarəti və icma inkişafını dəstəkləmək üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.

ADY rəsmisinin sözlərinə görə, Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş, o cümlədən dəmir yolu sektoruna birbaşa təsir edən bir sıra islahatlar həyata keçirib: “Bura gömrük prosedurlarının sadələşdirilməsi, inzibati proseslərin rəqəmsallaşdırılması, onların beynəlxalq təhlükəsizlik və əməliyyat standartlarına uyğunlaşdırılması daxildir. Məsələn, İqtisadiyyat Nazirliyi hazırda 2023-2025-ci illər üçün milli standartlaşdırma proqramı üzərində işləyir, biz isə dəmir yolu olaraq bu prosesdə iştirak edirik, xüsusilə infrastruktur modernləşdirilməsi, vaqonların yenilənməsi və texnoloji innovasiyalar kimi sahələrdə həm yerli, həm də beynəlxalq müəssisələrdən investisiyalar gözləyirik".

Избранный
8
4
sia.az

5Источники