RU

Gültəkin Hacıbəylinin gözünə görünən qaralar

Ölkəmiz beynəlxalq miqyaslı mühüm tədbir ərəfəsindədir.

Bütün dünyanın gözü noyabrda Bakıda keçiriləcək sammitə çevrilib, dünyanın gələcəyi üçün vacib olan iqlim dəyişmələrinə dair mühüm qərarlar qəbul olunacaq. Azərbaycanda dünya üçün bu qədər əhəmiyyətli olan bir tədbir ərəfəsində düşmənlər də boş dayanmır. Tədbirə mane olmağa, miqyasını kiçiltməyə gücləri yetməsə də, bacardıqları qədər mənfi rəy formalaşdırmaq üçün güclərini birləşdirməyə çalışırlar.

Xaricdən anti-Azərbaycan qüvvələri, daxildən də onlara dəstək verənlər çalışırlar ki, bəlkə öz maraqlarını reallaşdıra bilsinlər. İndiyə qədər bir neçə dəfə belə cəhdlərdə bulunublar. Amma heç bir zaman maraq və mənfəətlərinə nail olma bilməyiblər. Çünki Azərbaycan hakimiyyəti dövlətin və xalqın milli maraqlarını onların istəklərinə qurban verməyib. Hazırda da bu qüvvələr çalışırlar ki, Azərbaycan dövləti milli maraqlarından imtina edib, onların istəkləri ilə hesablaşsın. Lakin alınmır... Ona görə də yenidən söz oyunu oynayır, hətta Azərbaycanı sanksiyalarla hədələyirlər. Bu sanksiyaları da indiyə qədər dilə gətirmədikləri mövzularla əlaqələndirirlər. Əslində dilə gətirdikləri ilə niyyətlərini gizləməyə çalışırlar. Azərbaycanda hər kəs bilir ki, Qərbin indiki təzyiqinin arxasında erməni lobbisinin təsiri ilə ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, de-jure sahib olduğu torpaqları de-fakto azad etməsi və Azərbaycanın öz sərhədləri daxilində yuridiksiyasının bərpasıdır.

Təəssüf ki, hər zaman olduğu kimi bu dəfə daxildə antidövlət qüvvələr onların dəstəkçisi rolunda çıxış edir. Bu sırada isə ilk yeri Əli Kərimli və onun Milli Şurası tutur. “İşbirliyinin” icraçıları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli dil qəfəsə qoymadan həmin qüvvələrin daxili ruporu rolundadırlar. Bir zamanlar Azərbaycan hakimiyyətinin ünvanına səslənən hər hansı kiçik tənqidə belə cavab vermək üçün bir addım önə çıxmağa adət edən, Avropadakı kürsülərdən indi tənqid etdiyi hakimiyyəti müdafiə etmək üçün nitqlər yağıdıran Gültəkin Hacıbəyli indi ölkədəki dialoq mühitinə istehzayla yanaşır, ““Sistem dəyişməlidir” deyənlər sistemin vinti oldular, çürük sistemdən kənarda qalanlara salam olsun!”,-deyir.

Özünün də bir zamanlar bu sistemdən faydalanmasını unutmuş kimi danışan Gültəkin Hacıbəyli deputat seçiləndə hər şey yaxşı idi, indi isə hər şey pisdir? Məsələnin kökü sistemdə və ya prosesdə deyil. Məsələ şəxsi qazanclardadır. Gültəkin Hacıbəyli bir zaman deputat idi və o zaman tam başqa çıxışlar edir, başqa mövqe sərgiləyirdi.

İndi isə deputat mandatı yoxdur və hər şeyi qara görür. Parlamentdə təmsil olunanda iqtidarçı, təmsil olunmayanda əli kərimliçi olan Gültəkin Hacıbəylinin nə qədər səmimi olduğu elə bu cümləylə də aydınlaşır. Əli Kərimli kimi Gültəkin Hacıbəylinin də qərəzli olduğu bütün çıxışlarında aşkar bilinir. Əslində elə onun da problemi indi özünə lider seçdiyi Əli Kərimli kimi qeyri-səmimiliyindədir. Ədalətli olmaq və həqiqəti söyləmək siyasətçinin ən böyük dayağıdır. Gültəkin Hacıbəyli çox da uzağa getmədən deputat olduğu Azərbaycanla indiki Azərbaycan arasındakı fərqi görmürmü? Onun deputat olduğu illərdə Azərbaycan indiki qədər güclü deyildi, torpaqları işğal altındaydı.

İndi isə dünyada 193 dövlətin birləşdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) yerinə yetirə bilmədiyi qətnamələrini öz gücü, qüdrətli ordusu, Ali Baş Komandanının qətiyyəti ilə icra edən və öz torpaqlarını işğaldan azad edən bir Azərbaycan var. İndi Gültəkin Hacıbəyli Əli Kərimlidən bizim üçün hansısa obraz yaratmaq istəyir. Sanki onun bir obraz yaratmaq istədiyi Əli Kərimlini biz tanımırıq. “Dərd “Niyə Əli Kərimli oyuncaq seçkilərə gedib “məğlub olmadı”, özünə “sən bacarmırsan, getməlisən” dedirtmədi” dərdidir.

Necə oldu ki, “Bu qədər sadə”,-deyə sentyabrda keçirilən növbədənkənar parlament seçkisini boykot edən Əli Kərimlinin dəstəkləyən Gültəkin Hacəbəylinin deputat seçildiyi seçkilər “oyuncaq” olmadı, təkcə Əli Kərimlinin boykot etdiyi seçkilər oyuncaq oldu? Görəsən, “mənim deputat olmadığım seçkilər seçki deyil” düşüncəsi ilə Əli Kərimliyə dəstək verən G.Hacıbəyliyə bu sualı indi dəstəyinə böyük ümid bəslədikləri avropalılar, amerikalılar verməyibmi? Əli Kərimli özünün iştirak etmədiyi dialoqu dialoq hesab etmir, eləcə də Gültəkin Hacıbəyli özünün deputat olmadığı parlament seçkisini boykot edənə özü demişkən, belə “sadə həqiqətlərlə” dəstək verir.

Ancaq nə bu dəstək, nə o boykot heç nəyi dəyişmir və dəyişmədi. Azərbaycana qarşı şər-böhtan kampaniyası başladanlarla bir sırada addımlamaq da heç nəyi dəyişməyəcək.

“Cebheinfo.az”

Избранный
10
cebheinfo.az

1Источники