RU

Qalada işıqforların olmaması sürücüləri təhlükəyə atır - VİDEO

Oktyabrın 21-i gecə saatlarında paytaxtın Qala qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Qala qəsəbəsində magistral yolda üzü şəhər istiqamətində hərəkət edən avtomobil dəmir yolunda qatara çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu, sözügedən ərazidə baş verən ilk belə yol-nəqliyyat hadisəsi deyil.

Ərazidə çalışan aidiyyəti qurumların əməkdaşları bildiriblər ki, bir neçə ay öncə yolun hər iki hissəsində işıqforlar var idi və qatar gələndə qırmızı işıq yanırdı. Lakin artıq həmin işıqforlar ərazidən götürülüb. Nəticədə, gecə saatlarında bu yolla hərəkət edən sürücülər qatarların ərazidən keçdiyindən xəbərsiz olurlar və bu da bəzi hallarda qəza ilə nəticələnir.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, dəmir yolu keçidləri mütləq nizamlanan olmalıdır:

"İşıqfor və şlaqbaumla nizamlanmalıdır. Belə olduğu halda, belə hadisələrin qarşısını almaq olar".

Ətraflı Baku TV-nin süjetində:

 

"Bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus elektrovozla "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21 oktyabr saat 02:30-da Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.

1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.

Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

**

Bakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

**

"Bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan "Mercedes Vito" markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb".

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

"İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.

ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar",-deyə məlumatda bildirilir.

Избранный
3
2
avtosfer.az

10Источники