RU

İki körpü, bir tunel və 2 süni adadan ibarət 10 rekordlu körpü-tunel - Şencen-Conşan

Pekin, 19 oktyabr, AZƏRTAC

Tarix boyu barıt, kağız, kompass kimi kəşfləri ilə, Böyük Çin səddi, Böyük kanal kimi nəhəng tikililəri ilə dünyanı təəcübləndirən çinlilər elə indi də “dinc” dayanmırlar. Ötən əsrin sonlarında iqtisadi islahatlar başlayandan bəri Çin iri infrastruktur layihələri ilə daim gündəmdə olmağı bacarıb. Bu cür layihələrdən biri də Şencen və Conşan şəhərləri arasındakı nəqliyyat bağlantısı layihəsidir.

AZƏRTAC xəbər verir ki, cari ilin iyun ayında istifadəyə verilən Şencen-Conşan nəqliyyat bağlantısı 2 körpü, bir sualtı tunel və 2 süni adadan ibarətdir. Təxminən 7 ilə inşa edilmiş 24 kilometrlik yolun ümumi məsrəfləri 4,8 milyard dollar təşkil edib. Layihənin məqsədi dünyanın ən çox məskunlaşılan bölgəsi olan Böyük Körfəz Zonasının 2 iri şəhəri - Şencen və Conşan arasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaqdır.

Çinin texnologiya və innobasiya mərkəzi hesab olunan, “Tencent”, “Huawei”, BYD kimi qlobal əhəmiyyətli şirkətlərin baş ofislərinin yerləşdiyi Şencen şəhərini gəkəcəkdə onunla birlikdə vahid klaster təşkul edəcək Conşan şəhərini birləşdirən yol dünyada ən çətin meqa layihələrdən biri hesab olunur. Bu yol iqtisadi cəhətdən bir-birinə bağlı olan Şencen və Conşan şəhərləri arasında avtomobillərin səyahət müddətini 2 saatdan 30 dəqiqəyə endirib.

Şencen-Conşan xətti Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş Quandon əyalətinin, Honkonq və Makao xüsusi inzibati ərazilərinin daxil olduğu Böyük Körfəz zonasında mühüm nəqliyyat bağlantısını təmin edir. Bu xətt 86 milyon insanın yaşadığı və 11 şəhərin daxil olduğu Böyük Körfəz Zonasında 2018-ci ildə istifadəyə verilən Honkonq-Cuhay-Makao xətti ilə birlikdə dəniz və çay sahillərini arasında avtomobil və sərnişin axınını təmin edir. Şencen-Conşan xətti mürəkkəb mühəndis layihəsi olmaqla yanaşı, həm də 10 dünya rekordu müəyyən edib. Bura polad və beton borulardan inşa edilmiş sualtı ən uzun və ən enli tunel, ən geniş sahəsi olan asma körpü, 91 metr yüksəklik ölçüsü ilə dənizdə ən hündür asma körpü ünvanı və s. rekordlar daxildir. Bundan başqa, dənizdə ən iri beton dayağı olan asma körpü də Şencen-Conşan xəttinin körpüsüdür. Belə ki, onun bir beton dayağının həcmi 344 min kubmetrdir.

Yolun 6,8 kilometrlik sualtı tuneli bir inşaat xaruqəsidir. Hər biri 80 min ton olan 23 nəhəng borudan ibarət tuneldə hərəkətin davamlılığını və təhlükəsizliyini təmin etmək üçün bir neçə ağıllı texnologiyalar, o cümlədən 14 robot, yanğın və tüstü detektorları, naviqasiya sistemi fəaliyyət göstərir. Robotlar yol boyunca gəzərək, avadanlığa və hərəkətə nəzarət edir. Bu həm də dünyada ən uzun sualtı ikitərəfli, 8 zolaqlı boru tuneildir. Yolun orta eni 46 metr, hündürlüyü isə 10,6 metrdir.

Şencen-Conşan layihəsi üçün suda 2 süni ada inşa edilib. Onlardan romb formasında olanın sahəsi 19 futbol meydançasına, digəri isə 48 futbol meydançasına bərabərdir.

İki istiqamətdə 8 zolaqlı yol avtomobillərin maksimun saatda 100 kilometr sürətlə hərəkəti üçün layihələndirilib. Adi günlərdə orta hesabla 100 min avtomobil bu yoldan istifadə edir. Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümündə, oktyabrın 1-də yoldan 155 min avtomobil keçib ki, bu rekord göstəricidir. Hərəkətin təhlükəsizliyini və davamlılığını təmin etmək üçün 100-dən çox işçi hər gün iş başındadır. Bura inzibati heyət, usta və mütəxəssislər, fövqəladə hallar üzrə işçilər daxildir. Bundan başqa, təxminın 100 nəfər yol polisi hər gün yolda xidmətdə olur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
17
3
azertag.az

4Источники