RU

“İlhamə Quliyevanın barmağını qapı arasında qoyanda üstümə qışqırıb dedi ki...”- ÖZƏL+FOTOLAR

“Mən 1991-ci ildən peşəkar səhnədə müğənnilik fəaliyyəti ilə məşğulam. Bakı şansonu və bəstəkar mahnıları oxuyuram. Xalq arasında mənə Gülya Bakinskaya deyirlər. Sovetski məhəlləsində anadan olmuşam. Yeniyetmə yaşımda Ema Ələkbərzadə ilə tanış oldum. O qonşumgilə qonaq gəlmişdi. İllər keçəndən sonra biz onunla çox yaxın rəfiqə olduq. Bizə tez-tez gəlirdi, biz onlara gedirdik. Bir gün mənə dedi ki, sənin çox gözəl səsin var. Məni əlimdən tutub o vaxtın ən məşhur müsabiqəsi olan “7-17”-yə apardı. Müsabiqədə indi məşhur olan bir çoxları var idi. Layihənin rəhbəri Malik bəy o vaxt mənə və İradə İbrahimovaya dedi ki, siz qalib olmasanız da konsertlərimiz var, əsas qalib olmaq deyil, hər şey qabaqdadır”
 
Bunu Moderator.az -a açıqlamasında bir zamanların məşhur müğənnisi Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) deyib.
O daha sonra əlavə edib.
 
“Mən geri çəkilmədim. Öz üzərimdə çalışıb o vaxtın ən məşhur mahnı müsabiqəsi olan “Qızıl Açar”-a qatıldım. Mənimlə bu yarışmaya qatılanlar arasında xalq artisti Faiq Ağayev də var idi. Münsiflər heyəti də Flora Kərimova, Ramiz Mirişli, Eldar Mansurov və s. böyük sənətkarlardan ibarət idi. Eldar müəllim mənə “Yollar” adlı bir mahnı bağışladı. Mən hər konsertdə bu mahnını oxuyurdum. Amma çox çəkmədi mənə zəng edib dedi ki, sən onsuz da “Yollar” mahnısını qabağa çəkə bilməyəcəksən, Zülfiyyə Xanbabayeva onu məndən istəyir. Mən o vaxt çox gənc idim, mahnı mənə bağışlanmışdı deyə razılaşdım kı, məndən alıb digər müğənniyə versin. Bəstəkar Elçin İmanovla işbirliyimiz oldu, ondan 3 mahnı aldım. Kasetlərim məşhur idi, nə qədər satırdı. “Əsrin çempionları” və “Bakılı oğlanları” mahnılarım mənə uğur gətirdi. Elçin müəllim məni özüylə Eyyub Yaqubov və Arzu Rzayevin təqdimatlarına aparırdı. Mənə söz vermişdi ki, həmişə dəstək olacaq. Flora Kərimova da mənə söz vermişdi ki, əgər o televiziyaya buraxılsa məni qoymayaq boynu bükük qalım. O vaxtdan artıq 26 il keçib. Mən hələ də gözləyirəm” deyə sənətçi bildirib.
 
Gülnarə Kərimbəyova bildirib ki, uzun fasilədən sonra “Azəri star” mahnı müsabiqəsinə qatılıb.
“Finalda 6-cı yerə layiq görüldüm. Münsiflər heyətində də İlhamə Quliyeva və Eldar Mansurov var idi. İlhamə xanım çox sənətçini sevmirdi, hamı ondan qorxurdu. Amma o mənə başqa cür yanaşırdı. Məni özüylə konsertlərə aparırdı, dəstək olurdu. Bir gün də konsertə gedirdik, avtomobili oğlu Orxan idarə edirdi. Mən maşından düşdüm, qapını bağlamaq istəyəndə onun barmağı qapı arasında qaldı, dırnağı sındı. İlhamə xanım qışqırmağa başladı. Mən dedim ki, nə olsun, bu dırnaq qoyulmadır da, öz dırnağınız deyil ki.. Sakitcə dayandı və mənə baxıb dedi ki, sənin ayağını səhnəyə buraxmaq olmaz, mən səhnədə oxuyanda mikrofonun tokunu kəsərsən. O vaxtdan münasibətimiz soyudur. O mənimlə küsülü olsa da yarışmada mənə səs verirdi, qoymurdu arxada qalım” deyə müğənni bildirib.
 
Gülnarə xanım bildirib ki, bu gün çox az sənət dostu onu itirib-axtarır.
“Əvvəlki şou-biznesdən demək olar ki, hamıyla rəfiqə, yaxın dost olmuşam. Bir çoxları mənimlə birlikdə fəaliyyətə başlayıblar. Bu gün mənə ən sadiq olan sənət dostlarım çox azdır. Onlardan sadəcə üçünün adını çəkə bilərəm. Elariz Məmmədoğlu, Ədalət Şükürov və Arzu Rzayev. Elariz Amerikadan mənə dəstək olur, hər gün hal-əhval tuturuq. Amma Nadir Qafarzadə və bir çoxları ilə mən birlikdə çalışmışam, bir dəfə də olsun məni soruşmayıblar. Anam vəfat edəndə birinci Elarizə yazdım. O mənə müğənnilərin nömrəsini göndərib dedi ki, mən yoxam, amma dostlarımız gələcək, sən tək deyilsən. Bu aləmdən heç kim yox, təkcə Ədalət Şükürov gəlib mənə dəstək oldu. Çünki mən kasıbam. Belə günlər hamının başına gələ bilər” deyə müğənni bildirib.
Избранный
13
50
moderator.az

10Источники