RU

İlahiyyat İnstitutunun məzunları təhsillərini Malayziyada davam etdirəcəklər

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2023-2024-cü tədris ili məzunları magisturatura səviyyəsi üzrə təhsillərini Malayziyada – paytaxt Kuala-Lumpurda yerləşən Malayziya Beynəlxalq İslam Universitetində (MBİU) davam etdirəcəklər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, MBİU və Aİİ arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, məzunlar universitetin magistratura səviyyəsində təhsillərini davam etdirəcəklər. Aİİ-nin dinşünaslıq ixtisası üzrə məzunları – Aqşin Məmmədov MBİU-nun tarix və sivilizasiya (History and Sivilization), Şahin Müzəffərov isə İslam düşüncəsi və sivilizasiyası (Islamic Thought and Sivilization) ixtisasları üzrə təhsil alacaqlar.

MBİU İdarə Heyətinin üzvü, səfir Syed Hüseyin əl-Habşi və Təşviq, tələbələrin işə qəbulu şöbəsinin müdiri Siti Aişə İbrahim ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova, həmçinin adları qeyd olunan tələbələrin iştirak etdikləri görüş təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Daha sonra Aİİ nümayəndələri universitetlə tanış olublar. Onlara MBİU-nun tarixi ilə bağlı ətraflı məlumat verilib. Tələbələrə universitetin qalereyası, korpuslar, onlar üçün nəzərdə tutulmuş məscid, mağaza, idman zalı, həmçinin digər komplekslər göstərilib və məlumat verilib. Məzunlar universitetin rəhbər və işçi heyəti ilə də tanış olublar.

Qeyd edək ki, Aİİ fəaliyyətə başladığı vaxtdan etibarən, xarici əlaqələrin inkişafına önəm verir. Dünyanın 30-dan çox qabaqcıl ali təhsil müəssisəsi ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, institutun müxtəlif tələbə mübadilə proqramları və qarşılıqlı akademik fəaliyyəti həyata keçirilir.

Избранный
8
2
azertag.az

3Источники