RU

Dönər niyə zəhərləyir? - “Azərbaycanda dönəri cəmi 2 müəssisə satmalıdır, amma...”

Oktyabrın 10-u saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı araşdırma aparılır. 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb. Zəhərlənmə səbəbi kimi tələbələrin Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləndikləri ilə bağlı fikirlər səslənir. 

Qeyd edək ki, bu, ölkədə dönərdən zəhərlənmə ilə bağlı ilk hadisə deyil. Ümumiyyətlə, dönər üçün ət haradan əldə edilir və zəhərlənməyə nə səbəb olur? 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, dönər bəzi ölkələrdə, o cümlədən Mərkəzi Avropada, Almaniya, İsveçrədə də hazırlanır, lakin həmin ölkələrdə dönər “oturaq” yemək hesab edilir: 

“Bizdəki kimi çörəyin arasına nələrisə qoyaraq yemirlər. 

Ümumiyyətlə, dönər hazırlamaq üçün Azərbaycanda iki müəssisə müəyyən olunub. Həmin müəssisələrdə dönəri təzə ətdən hazırlayırlar. Həm quş , həm mal ətini şişə taxıb, - 40 dərəcədə çok dondurmadan keçirirlər. Həmin şok dondurma bir sıra heyvan xəstəliklərini, mikrobları məhv edir. 

Sonra bağlayır, yeşiklərdə qablaşdırır və xüsusi avtomobillərdə soyuq zəncir üzrə dönərxanlara çatdırırlar. Lakin monitorinqlər göstərir ki, ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi də ordan almır, dönəri özləri hazırlayırlar.  Dönərxanalarda ətin mənbəyi barədə çoxlu kağızlar asılıb. Ancaq heç kəs sübut edə bilməz ki, asılan kağız bişən dönərə aiddir”. 

Ekspert bildirib ki, dönər ixtisaslaşmış dönərçilərdən alınmalıdır: 

“Lakin dönərxanalar özləri hazırlayırlar. Dönərin çox ucuz qiymətə olması da regionlarda ifşa olunan murdar ətlərin bəzən dönərxanalara da yol açdığını göstərir. AQTA-nın mükəmməl yoxlama mexanizmi yoxdur, “əli-qolu bağlıdır”. Biznes qurumlar üçün elə şərait yaradılıb ki, heç kim onlara toxuna bilməz. İstehlakçı hüquqları arxa plandadır. Ona görə də belə vəziyyət baş verir”. 

Ekspert bildirib ki, dönərdən zəhərlənmənin digər səbəbləri də var: 

“Bu, mayonez, məhsula qarışdırılan digər maddələrlə bağlı da ola bilər. Dönərxanalar böyük problemə çevrilib. Zəhərlənmənin digər səbəbi gigiyenik vəziyyətin pis olması, yararlıq müddəti 5 saat olan mayonezlərin vaxtının keçməsi ola bilər. 

Ən ciddi məsələ isə bu gündən sabaha saxlanılan dönərlərin çirklənməsidir. Bu vəziyyət neçə illərdir ki, davam edir. Çox yaxşı olardı ki, bu zəhərlənmələrin eyni, yaxud müxtəlif dönərxanalarda olması da araşdırılsın. Bu il Zaqatalada  zəhərlənmə olanda məlum oldu ki, insanlar bir neçə yerdə dönər yeyiblər”. 

Ekspert iddia edib ki, zəhərlənmələrin qeydiyyatı doğru aparılmır: 

“Onlar hansı alqoritmlə qeyd edilir? Yəni zəhərlənən insan nə AQTA-ya, nə də Azad İstehlakçılar Birliyinə müraciət edir, birbaşa səhiyyə orqanlarına gedir. Səhiyyə orqanlarından sonra bu zəhərlənməni kimin qeydiyyata aldığını bilmirik. Zəhərlənmələrin qeydiyyat siyahısı AQTA-nın saytında yerləşdirilir. AQTA-nın zəhərlənmələrə dair statsitikası ümumdünya göstəricisindən 1400 dəfə azdır. 

Belə görünür ki, biz zəhərlənən xalq deyilik. Hansı ki, dünyada hər il 10 nəfərdən birinə zəhərlənmə diaqnozu qoyulur. Orta hesabla bizdə ildə 1 milyon zəhərlənmə olmalıdır. Hippokrat deyib ki, biz nə yeyiriksə, oyuq. Əgər zəhərlənmə belə azdırsa, onda gərək biz uzunömürlülər siyahısında olaq. Lakin ÜST-ün uzunömürlülər siyahısında biz 190 ölkə arasında 115-ci yerdəyik. 

Bütün bunlar onu göstərir ki, ölkədə zəhərlənmələrin qeydiyyatı düzgün aparılmır. AQTA vəziyyətə tam nəzarət edə bilməsi üçün əsasnaməsinə dəyişiklik olunmalıdır. Onlar cəld yoxlama mexanizminə malik olmalıdırlar. Ölkədə mükəmməl istehlakçı siyasəti yox dərəcəsindədir. Ona görə də bu hallar baş verir. Biz azərbaycanlılar apteklərdə, klinikalarda növbəyə duran, aptek şəbəkəsi başqa ölkələrdən 20 dəfə çox olan istehlakçılarıq. Bütün bunlar həyatımızda öz mənfi izlərini qoyur”.

Избранный
38
cebheinfo.az

1Источники