RU

BAKI MERİYASININ GÖZÜ QARŞISINDA İLHAM BAĞIROV VƏ QARDAŞLARININ SÖKÜNTÜ FIRILDAĞI

...Yasamal rayonu ərazisində, daha dəqiq desək, İmam Hüseyn Məscidinin qarşısındakı Dalan-1 küçəsində ( Abdulla Şaiq Ev Muzeyinin arxası, N.Nərimanovun heykəlinin qarşısı) 43 saylı MİS- in balansında (xidmətində) olan evlərin sakinlərinin qorxudularaq

mülklərinin qanunsuz olaraq, dəyər- dəyməzinə ələ keçirilməsinə rəhbərlik edən İlham Bağırov adlı "odda yanmaz, suda batmaz" şəxs barədə yazmışdıq... Sonradan məlum oldu ki, bütün bu qalmaqalın, yəni sakinlərin dinc həyatını zəhərə döndərən hadisələrin "baş qəhrəmanı" kimi adı çəkilən İlham Bağırov, əslində, kimdir... 

img_4909

 "Təzadlar"ın ciddi araşdırması sayəsində İlham Bağırovun kimliyini öyrəndik... Belə ki, şikayətçi vətəndaşların özlərinin iştirakı ilə onların mənzillərinin qeydiyyatda olduğu 43 saylı "JEK"in Nizami adlı rəis əvəzi ilə görüşmək və sakinləri narahat edən suallara cavab tapmağa çalışdıq... Elə buradaca İlham Bağırovun barəsində olduqca maraqlı məlumat əldə etdik. Məlum olur ki, Bakı şəhər İH başçısı Eldar Əzizovun Sərəncamı ilə ərazilər üzrə "Qiymətləndirici şirkət" adlı MMC yaradılıb. Və adını çəkdiyimiz küçədəki zibilxananın, daha doğrusu, viranəliyin yaradıcısı və sakinlərə heç bir rəsmi sənəd təqdim etmədən onlarla bazarlama aparan İlham Bağırov bu şirkətin direktorudur. Aşağıda bunu təsdiq edən rəsmi sənədi təqdim edirik...

ilham-1-d

***

Bəs dünən əməkdaşımız, Qarabağ Müharibəsinin veteranı Elçin Məmmədlinin peşə fəaliyyətinə mane olmaqla onu təhdid edən, hədələyən İlham Bağırov, əslində, kimdir??? Aşağıda ölkə mediasında, o cümlədən "Yeni Müsavat"da dərc edilmiş "Sovetski”də Bağırov qardaşlarının söküntü kələyi..." başlıqlı yazını təqdim edirik, sonra əlavə şərh veriləcək:

"Evi aldadılaraq sökülən vətəndaş dövlət qurumlarından kömək istəyir

“Mənə məxsus olan evlər Bakı şəhəri, Akademik A.Qarayev küçəsi 23 saylı və həmin küçənin kəsişməsində yerləşən M.A.Əliyev küçəsi, 32 saylı evlər (”Sovetski" adlanan ərazi) Nazirlər Kabinetinin müvafiq qərarı ilə  söküntü zonasında yerləşir. Evə dair qohumuma Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamə vermişdim ki, Söküntü Komissiyasında iştirak etsin və alqı-satqını rəsmiləşdirsin".

Aydın Ağaəli oğlu Rzayev redaksiyamıza təqdim etdiyi şikayətində belə yazır. O, “Sovetski”də Bağırov qardaşlarının bir generalın adından istifadə edərək qanunsuzluq etmələrindən şikayətçidir: “2018-ci ilin sentyabr ayının əvvəllərində söküntü zonasında yerləşən evlərin ölçü işlərini aparan ”Azər Expert" MMC-nin rəhbəri qəfildən yaşadığım Bakı şəhəri, M.A.Əliyev küçəsi 32 saylı evə gəldi. Özünü İlham Bağırov kimi təqdim etdi və qonaq qəbul edəcəyimi soruşdu. Mən də İlham Bağırovun evimə girməsinə etiraz etmədim. İlham mənə bildirdi ki, sən qohumun Natiqə etibarnamə vermisən ki, komissiyada iştirak etsin. Bildirdi ki, Natiq komissiyaya girməsin, o, hər dəfə gəlir komissiyaya buraxmırıq. Dedi ki, sən Natiqdən etibarnaməni al, o gəlməsin, mən nə lazımdırsa sənə artıqlaması ilə edəcəm. Bildirdi ki, mənim indiki evimdə problem var (yeni tikili), qoy bir az vaxt keçsin, 2 evin məsələsini bir dəfəlik həll edərik. İlham Bağırova bildirəndə ki, məndə nə problem var axı, evlər mənə məxsusdur, çıxarışlarım var. Cavabı belə oldu ki, sən bilmədiyin şeylər var, Maliyyə Nazirliyinin idarə rəisi Cavanşir Yusifovun qohumum Natiqdən xoşu gəlmir. Qeyd etmək istəyirəm ki, Natiq özü hüquqşünas olduğu üçün onlarla hüquqi müstəvidə qanuni tələb qoyması onların xoşun gəlməyib. Natiqin iştirakı olduğu komissiyada onlar Natiqi istədikləri tərzdə aldada bilmirlər. Ona görə də mən Natiqə əmlakımı etibar edib, mülkümün rəsmiləşdirilməsində, pulların alınmasında, pulların verilməsində iştirakını istədim. Onlar isə əksinə, dedilər ki, Natiq komissiyaya girsə, sənin pulunu kəsəcəklər, gəl, sən biz deyəni elə, mən sənə artıq kvadrat metr də yazacam. Onların mənim Natiqlə etibarlı şəkildə iş görməyimdə narahatlığı nə idi? Fərqi nədir, pulu Natiq götürdü və ya mən götürdüm. Hətta xatırlayıram ki, cavabım belə oldu ki, “neynək daha deyirsən problem yoxdur, artıq kvadratlar özünə qalsın, mənim halal pulumu verin, mənə bəsdir”. Bütün bu söhbətlər evimdə olub. Belə olan halda İlham Bağırov başqa bir nəfəri bizə dəvət etdi və söylədi ki, bütün işləri yenidən ekspertiza edib, sənədləri dəyişib, sənin işini həll edəcəm. Həmin adam məlum oldu ki, onun qardaşıdır, heç yerdə işləməyən, özünü “qoçu” kimi aparan Zahid Bağırovdur".

Şikayətçi deyir ki, İlham Bağırov gedəndən sonra qohumu Natiqi çağırıb məsələni ona başa salıb: “Sənədlərimi ondan geri alanda Natiq mənə verdiyim sənədlərdən əlavə də  Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Daşınmaz Əmlakın Dövlət Ehtiyacları üçün alınması ilə əlaqədar komissiyaya ünvanladığı ərizəni və İlham Bağırovun rəhbərlik etdiyi  ”Azər Expert" MMC-nin yerləşdiyi və Komissiyanın təşkil olunan ünvanı olan Bakı şəhəri, İnşaatçılar prospekti 28 “B” saylı ünvana göndərilən məktubu bilərəkdən qəbul etməkdən imtina aktını verdi ki, zaman gələndə lazımın olacaq.

Eşitdiyimə görə həmin müəssisənin indiki adı “BTİ Ekspert” MMC kimi adla əvəz olunub. Adın dəyişməsinin səbəbi vergidən yayınma və bu adın ölkə üzrə bütün dairələrdə hallanması olub. Sentyabrdan noyabrın axırına qədər İlham Bağırovla üzbəüz və mobil telefon vasitəsilə dəfələrlə danışmışıq. Hər dəfə müxtəlif bəhanələrlə bu gün-sabah komissiyaya girəcəyimi vəd edib. Hətta Akademik A.Qarayev küçəsi, 23 saylı evi sökmək istəyəndə yenə gəldi ki, maneə törətmə, qoy söksünlər, sözüm sözdür, mənlikdir, həll edəcəm.

Dekabrın əvvəllərində, nəhayət, komissiyaya rəhbərlik edən Cavanşir müəllimin də iştirakı ilə məni komissiyaya dəvət elədilər. Komissiyaya girməmişdən bir gün əvvəl İlham Bağırov mənimlə görüşdü. Dedi ki, sənin bəzi tikililərində problem var, həmin hissədə hər kvadrata görə 200 manat verməlisən. Ona bildirəndə ki, bəs verdiyin sözlər nə oldu? Cavabı yenə belə oldu ki, həmin pul sənin əmlakının bəzi hissələrinə aiddir. Bildirirəm ki, onlar əmlakı ekspertiza edən zaman vətəndaşlara qanuni mənzilinin yaşayış və qeyri-yaşayış sahələrinə bölüb qiymətlərdə müəyyən sürüşmələr edirlər.

Məsələn, yaşayış sahəsinə 1500 manat verildiyi halda, qeyri-yaşayış sahəsinə 600-800 manat, pilləkənlərə enindən, hündürlükdən asılı olmayaraq 200-400 manat verirlər. Vətəndaşları bu tərzdə aldada bilirlər. Şübhəsiz, bu işləri onun qardaşı heç bir yerdə adı getməyən Zahid Bağırov özü edir. Belə neqativ hallar bütün “Sovetski” ərazisində  dəfələrlə olub. Vətəndaşlara öz evinin kvadrat sahələri aldadılaraq, guya artıq imiş bəhanəsi ilə özlərinə satılıb və onlardan pullar alınıb. Bunu əminliklə deyə bilərəm.  1000 manata yaxın əmək haqqı alan İlham Bağırovun Nabran, Mərdəkan, Quba, İstanbulda qardaşı Zahid Bağırovun adına rəsmiləşdirdiyi ofis və villalar, oğlanlarında olan “Lexsus” markalı maşınların hansı pulla alınması məlum faktdır. Oturduğu ofisi üçün də ayda 5 min manata yaxın kirayə pulunu dövlətdən alır.

Yəni obyektini dövlət pulu hesabına özü-özünə kirayə verib. İlhama bildirdim ki, sənə heç nə verməyəcəm. Sən məni aldatdın, evimi də pulumu almadan sökdürdün. Cavabında kinayə ilə “yaxşı!” dedi. Səhəri gün Komissiyada olanda mənim Bakı şəhəri, M.A.Əliyev küçəsi, 32 saylı evimin bəzi hissələrinə hətta hər kvadrat metr sahələri 1500 manat dövlət tərəfindən nəzərdə tutulduğu halda 800 manat verildi və Bakı şəhəri, Akademik A.Qarayev küçəsi, 23 saylı evə isə ev söküldüyündən hər 1 kvadrat metr sahəyə isə 500 manat təklif olundu. Bununla da İlham Qismət oğlu Bağırov tərəfindən mənə və ailəmə əmlakım məhv olmaqla külli miqdarda ziyan vuruldu.

Bir neçə gün bundan əvvəl İlham Bağırovun iş yerinə (Komissiyanın yerləşdiyi) gedib ona bildirəndə ki, onun barəsində şikayət edəcəyəm, mənə çox sərt şəkildə və arxayınlıqda dedi: “Get, nə istəyirsən elə, əcəb etmişəm, mənim arxamda general durub. Sən kimin adamısan?” Bu mənə çox pis təsir etdi. Demək, bu ölkədə hərənin bir adamı olmalıdır? Mən özümü yandırmaq qərarına gəlmişəm. Çünki mən heç kimin adamı deyiləm, mən sadə azərbaycanlıyam. Bundan uzaqlaşıb gedəndə qardaşı Zahid söhbətimizi eşidib, qardaşı İlhama gülə-gülə dedi ki, “bilmir kimə ilişib, getsin nə istəyir, əlindən gələni etsin, general həm qonşumuz, həm də qohumumuzdur”. Bunu mənə eşitdirirdi. İlhama dedi ki, bunları niyə buraxırsan ofisə".

Şikayətçi dövlət qurumlarından məsələ ilə bağlı araşdırma aparılmasını da xahiş edib.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə “Yeni Müsavat”

https://hergun.az/article/az/2416

https://xalqxeber.az/social/33036-sovetskide-bagirov-qardashlarinin-sokuntu-keleyi.html".

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

("Media haqqında" Qanunun 77-ci maddəsinə uyğun olaraq redaksiya bu yazıya görə məsuliyyət daşımır)

Избранный
30
tezadlar.az

1Источники