Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) əsas hissəsinin sonuncu – 33-cü turu çərçivəsində “Jeju Yunayted”lə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib və məğlubiyyətə üzülüb – 1:2.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon Hana Sitizen” 33 oyuna topladığı 35 xalla mövsümün əsas hissəsini 12 iştirakçı arasında 11-ci pillədə başa vurub. Komanda 33 oyunda 8 qələbə qazanıb, 11 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 57 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.