RU

Mərdəkanın pəhləvanlar məktəbi

Gördüklərimiz burada gələcəyin olimpiyaçılarının yetişəcəyinə inam yaratdı

Milli idman növümüz olan güləşin inkişafına və bu sahədə qədim ənənələrin nəsildən-nəslə ötürülməsinə ölkəmizdə böyük qayğı göstərilir. Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyada pəhləvanlıq məktəbinin davamçılarının yetişdirilməsi üçün yaradılan geniş imkanlar bu baxımdan diqqətəlayiqdir.

Təhsil ocağında 2024-cü ilin yanvar ayından fəaliyyət göstərən güləş bölməsinə artıq ölkəmizin hər yerindən uşaq pəhləvanlar gəlirlər. Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə gimnaziyaya təşkil edilən media-tur zamanı əmin olduq ki, təhsil ocağında gələcəyin ustad pəhləvanları yetişir.

Gimnaziyanın direktoru Tural Mirzəliyev məlumat verdi ki, bu təhsil ocağı 1960-cı ildən fəaliyyət göstərir. Əvvəlcə başqa statusa malik olub. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra 2021-ci ildən hazırkı statusunda fəaliyyət göstərir. Bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahan vasitəsilə burada şagird qəbulu həyata keçirilir. Respublikanın müxtəlif yerlərindən 813 şagird hazırda gimnaziyada təhsil alır.

Əvvəlcə sərbəst güləşçilərin məşqini izlədik. Balaca pəhləvanların bir-birindən maraqlı fəndləri çevik hərəkətlə icra etmələri diqqətimizi cəlb etdi.

U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov brifinqdə burada məşğul olan uşaqların hər birinin adlı-sanlı güləşçilər kimi yetişməsi üçün böyük potensialı olduğunu dedi. Məşqçi gimnaziyanın ölkə güləşinin inkişafına töhfə verəcəyinə inandığını vurğuladı:

– Təhsil ocağının imkanlarından istifadə edib, ən istedadlıların burada məşğul olması üçün səy göstəririk. Avqust ayında yenidən seçimlər etdik. Hazırda 44 sərbəst güləşçi gimnaziyanın imkanlarından yararlanır. Bu məktəbi hətta güləş akademiyası da adlandırmaq olar. Layihə federasiyamızın güləşin inkişafı üçün atdığı ən önəmli addımlardan biridir. Gələcəkdə bunun bəhrəsini görəcəyik. Bu il əsasən 5–7-ci siniflər üzrə seçim etdik. Perspektivli uşaqları seçmişik.

Yeniyetmə güləşçilərin fikirləri də bizim üçün maraqlı idi.

Bəhram Cəfərov İmişlidəndir. Əvvəllər rayonun 1 saylı orta məktəbində təhsil alıb. Onun sözlərinə görə, məşqlər ürəyincədir:

– Gimnaziyada təhsillə yanaşı, güləşlə məşğul olmaq üçün yaxşı imkanlar yaradılıb. Bu şəraitdən istifadə edib gələcəkdə yüksək nailiyyətlər əldə etmək istəyirik. Məşqçilərimizin verdiyi tapşırıqları vaxtında yerinə yetirməyə çalışırıq.

Oğuz Paşayev Qaradağ rayonundandır. 13 yaşı var. Sərbəst güləş üzrə ilk məşqlərə Azad Umudovun rəhbərliyi ilə başlayıb. Ən böyük arzusu ustad güləşçi kimi yetişməkdir:

– Burada ən çox xoşuma gələn odur ki, dərslərimizlə yanaşı, güləşə də istədiyimiz qədər vaxt ayıra bilirik. Başa düşürük ki, təhsil ocağının imkanlarından maksimum yararlanmalıyıq. Nizam-intizama riayət edir, məşqçilərin tapşırıqlarını yerinə yetriməyə çalışırıq.

Zaldan çıxarkən balaca, çəlimsiz bir uşaq bizə yaxınlaşaraq fikirlərini bildirmək istədiyini deyir. Məmnuniyyətlə mikrofonu ona uzadırıq. Öyrənirik ki, Elmir Allahverdiyev Qazaxdan gəlib. Bu rayonun adlı-sanlı pəhləvanlarının davamçısı olmaq istəyir. Atası Elnur Allahverdiyev də güləşçi olub. Onda bu qədim idman növünə marağı elə atası oyadıb:

– İndiyədək bir çox yarışlarda iştirak etmişəm, çempion da olmuşam. Ən böyük arzum yaxşı güləşçi kimi yetişməkdir. İstəyirəm ki, böyük yarışlarda qalib adını qazanım.

Daha sonra güləşçilərin yerləşdirildiyi yataqxana ilə tanış oluruq. Burada yataq, tədris, istirahət otaqları, camaşırxana, sanitar qovşağı, yeməkxana və tibb məntəqəsi var. Gimnaziyada güləş bölməsində 4 məşqçi, 3 nəzarətçi, 5 tərbiyəçi, psixoloq, həkim və tibb bacısı çalışır. Məlumat verildi ki, gimnaziya 1029 şagird yerlikdir. Yeni binada sinif və laboratoriya otaqları, informatika, hərbi hazırlıq kabinetləri, kitabxana da var.

Yunan-Roma güləşçilərinin açıq məşqini də böyük maraqla izlədik.

Yunan-Roma güləşi üzrə böyük məşqçi Taleh İsrafilov jurnalistlərə açıqlamasında dedi:

– Gimnaziyada güləşin sirlərinə yiyələnən şagirdlər Azərbaycan idmanında ilk addımlarını atırlar. Düşünürəm ki, onların arasında gələcəkdə Avropa, Dünya və təbii ki, Olimpiya çempionlarını görə biləcəyik.

Yunan-Roma güləşi üzrə 15 yaşlılar arasında 57 kiloqram çəkidə Azərbaycan çempionu, Avropa çempionatının mükafatçısı Hüseyn Vəlizadə burada təhsil aldığı üçün şanslı olduğunu bildirdi:

– Həm məşqlərimiz, həm də dərslərimiz ürəyimizcədir. Güləşlə məşğul olan şagirdlərin hər biri vaxtını səmərəli keçirir. Bu idman növü üzrə böyük nailiyyətlər qazanmaq üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, dərslərimizi yaxşı oxuyaq deyə, bizə hər bir dəstək göstərilir. Bu etimadı doğrultmaq üçün biz də öz növbəmizdə səy göstəririk. Gələcəkdə Avropa, Dünya çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmək istəyirik.

Zalda məşqlər davam edirdi. Gimnaziyanın həyətində isə şagirdlərin ixtiyarında olan futbol və idman meydançaları ilə də tanış olduqdan sonra gənc güləşçilərə yeni uğurlar diləyərək təhsil ocağından ayrılırıq. Əminik ki, gimnaziyada gələcəyin olimpiyaçıları yetişəcək.

Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ

Избранный
24
1
xalqqazeti.az

2Источники