RU

Prezidentin xüsusi nümayəndəsi: “Ermənistan əsas səbəbi xalça altına süpürməyə çalışır”

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi və Azərbaycanın Müqəddəs Taxt-tacdakı ilk səfiri (2005-2017) Elçin Əmirbəyov bu yaxınlarda Vatikanda səfərdə olub.

Diplomat “Faro di Rome” və “Eurasiaticanews” üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Azərbaycanın ilk səfiri kimi Müqəddəs Taxt-tac qarşısında mandatınızı başa vurduqdan sonra bu gün bu təcrübəni necə qiymətləndirirsiniz və hazırkı səfərinizin məqsədi nədir?

- Əvvəla, Vatikana qayıtmaq həmişə xoşdur, ona görə ki, bu, hazırda Azərbaycanla Müqəddəs Taxt-tac arasında canlı, güclü və səmərəli əməkdaşlıq və qarşılıqlı fəaliyyətə çevrilən bir prosesin başlanğıcı ilə bağlı unikal və xoş xatirələri yada salır. Vatikana ilk səfərimdən təxminən iyirmi il sonra ikitərəfli münasibətlərimizdə əhəmiyyətli irəliləyiş və davamlı inkişafı etiraf etməkdən məmnunam. Vatikanın yaxınlığındakı tarixi Via della Konkord yolunda Azərbaycan səfirliyinin binasından dalğalanan möhtəşəm üçrəngli bayrağımızı seyr etmək mənə xüsusi zövq verir.

Biz şadıq ki, 2022-ci ilin dekabrından Romada iqamətgahı olan Müqəddəs Taxt-tacda akkreditə olunmuş xüsusi səfirimiz var. Bu səfərin məqsədinə gəlincə, bu, qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı məsələlər üzrə dövlətlərimiz arasında davam edən fəal siyasi dialoqun tərkib hissəsidir. Biz bu mövzuya maraq göstərdiyinə və erməni qonşularımızla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təqdim etdiyi sülh proqramını dəstəklədiyinə görə Müqəddəs Taxt-taca minnətdarıq. Bildiyiniz kimi, sülh sazişinin yekunlaşdırılması üçün ölkələrimiz arasında birbaşa ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub və proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb. Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir.
Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək.

Избранный
12
8
publika.az

10Источники