RU

Almanla ailə quran azərbaycanlı xanım: Andreas Günaya evlilik təklifini necə edib?

“Üç günə ayrılarsınız”, “almanlar çətin, soyuq millətdir”, “pasport xətrinə qurulan evlilikdir”, “çox ağlayacaqsan, indidən ayrıl məncə”...
Bu fikirlər əslən alman oğlanla ail' qurmaq qərarı verdiyi üçün azərbaycanlı xanıma deyilib. O isə, sadəcə qəlbinin səsini dinləyib: “Ətrafdakıların deyil, qəlbimin səsini dinlədiyim üçün özümə təşəkkür edirəm. Çox az insanın çıxdığı bir yola çıxdım. Səninlə eyni yolda getməkdən heç yorulmadım, bezmədim. Bəzən dayandıq, durduq, bəzən isə qaçdıq. Amma əlimizi heç buraxmadıq”.

Hazırda beş illik xoşbəxt evliliyi və bir oğlu var. Bu paylaşımı da evliliklərinin beşinci ildönümlərində sosial şəbəkə hesablarında bölüşüb. Budəfəki “Ailə” rubrikamızın qonaqları alman Andreas Kroger və azərbaycanlı Günay Krogerdir.

“Salam”la başlayan münasibət

Cütlüyümüzün ilk görüşü dostları sayəsində olsa da, onları bir-birinə bağlayan sosial şəbəkə olub. Günay o vaxt Almaniyada təhsil alırmış: “O zamanlar mən Almaniyada təhsil alırdım. Biz Recklinghausendə kiçik bir restoranda tanış olmuşduq. Oraya rəfiqəmlə getmişdim. Andreas da öz dostu ilə gəlmişdi. Rəfiqəm yoldaşımın dostunu tanıyırdı. Biz restoranda bir-birimizi gördükdə sadəcə çox qısa şəkildə salamlaşdıq. İlk görüşdə məndən xoşu gəldiyini hiss etməmişdim. Evə getdikdə ilk öncə dostunun “Facebook” səhifəsindən rəfiqəmi tapıb. Rəfiqəmin də profilindən məni tapıb gecə “salam” yazmışdı. Mən onu səhər cavabladırıb “mən sizi tanımadım axı”, - dedim. Söhbətimiz orada da yarımçıq qaldı. Bir neçə gündən sonra yenidən yazdı. Bu şəkildə yavaş-yavaş danışmağa başladıq”.

Andreas deyir ki, ilk baxışda Günayın qaraşın olması, sonra isə bişirdiyi dadlı təamlar onun diqqətini cəlb edib: “İlk gördükdə görünüşünü çox bəyəndim. Bir az qaraşın olması məndə maraq doğurmuşdu. Lakin qısa şəkildə salamlaşdığımız üçün elə də ciddi bir şey düşünməmişdim. Sadəcə xarici görünüşcə bəyənmişdim. Günayın yeməkləri çox dadlıdır. Onun sayəsində yemək vərdişlərim xeyli dəyişib. Elə ilk bişirdiyi yeməkdən aşiq olmuşdum. Almaniyada da deyirlər ki, “sevgi mədədən keçir”. Milli yeməklərinizdən də bişirirdi. Beləliklə, mənim qəlbimi qazandı”.

“Dəstəyini hər zaman hiss edirdim”

Günayı isə Andreasın ona olan dəstəyi və heyvanlara sevgisi cəlb edib: “Andreas məni olduğum kimi qəbul edirdi. Məsələn, o vaxtlar mənim alman dilim çox zəif idi. Yenə də bir-birimizi başa düşməyə çalışırdıq. Münasibətimizdəki problemləri də birlikdə aşırdıq. Həmçinin Almaniyada mənə çox dəstək olurdu. Xarici ölkədə təkbaşına idim. O, daim arxamda dayandı. Ayrı şəhərlərdə yaşasaq da, dəstəyini hər zaman hiss edirdim. Düşünürəm ki, məhz bu xüsusiyyətinə görə onu həyatımın adamı olaraq seçdim. Hər zaman nəsə bizi bir-birimizə yaxınlaşdırıb sanki... Onun mərhəmətli olmağı da məni özünə cəlb etmişdi. Heyvanlara qarşı xüsusi sevgisi var. Yolda hansısa heyvanı köməksiz gördükdə ona yardım edir, yaxud zəng vurub xüsusi orqanlara təhvil veririk. Onun bu cür təmiz ürəyinin olması mənə təsir etmişdi”.

“Restorana qədər gözləyə bilmədi”

Günay Andreasın ona evlilik təklifi sürprizindən də danışdı: “Yoldaşım mənə evlənmə təklif etmək üçün bir-birimizi ilk dəfə gördüyümüz restoranı danışmışdı. Mənə orada evlənmə təklif etməyi planlaşdırmışdı. Maşına oturduğumuz andan hiss edirdim ki, nəsə çox həyəcanlıdır. O qədər həyəcanlı idi ki, restorana qədər gözləyə bilmədi. Mağazanın dayanacağında üzüyü çıxarıb mənə evlənmə təklifi etdi. Sonra isə birlikdə həmin restorana gedib bunu qeyd etdik. Nikahımızı da eyni yerdə qeyd etmişik”.

Günay uşaqlıqdan əcnəbi ilə ailə qurmağı arzulayıb: “Həmişə sarışın, mavi gözlü oğlanlara xüsusi simpatiyam olub. Yeniyetmə yaşlarımda “Yabancı Damat” adlı serial var idi. Həmişə ona baxıb deyirdim ki, mənim də yoldaşım kaş xarici olardı. Düşünürəm ki, insan bir şeyi ürəkdən istədikdə o, mütləq reallaşır. Amma istəməkdən əlavə, hərəkət də etmək lazımdır”.

Fərqlilikdən yaranan ailə

Andreasın fikrincə, Günay və o fərqlidirlər. Lakin sevgiləri də məhz bu fərqlilik sayəsində gözəlləşir: “Bizim ortaq xüsusiyyətlərimizdən çox, fərqliliklərimiz var. Məsələn, mən daha passiv səyahət sevsəm də, Günayda tərsinədir. Sevgimizin sayəsində bu fərqliliklərimizin öhdəsindən gəlirik. Əks qütblər həmişə bir-birini çəkir”.

Cütlüyümüz nə qədər fərqli olsa da, sevgiləri sayəsində ortaq məşğuliyyətlər tapır: “Bizim hər bazar günü birlikdə etdiyimiz məşğuliyyətlərimiz mövcuddur. Hər ikimiz yorğun olsaq da, hava imkan verdikdə həftə sonları ən az bir saat yoldaşım və oğlumla velosiped sürürük, yaxud üzgüçülüyə gedirik”, - deyə Günay vurğulayır.

“Qayınanam da yoldaşım kimi ünsiyyətcildir”

Almanların xasiyyətcə soyuq olması fikrinə Günaydan tam fərqli münasibət var: “Almanların soyuq olduqları deyilsə də, mən yoldaşımda bunu görməmişəm. Hətta təkcə mən yox, digər insanlar da bunu deyir. Məsələn, harasa getdikdə insanlar ilk baxışda mənimlə o qədər mehriban olmasalar da, yoldaşımı ilk baxışdan sevirlər. Buna ölkəmizdə də şahid olmuşuq. Heç bilmirlər hansı millətdəndir, amma ilk görüşdən onu çox xoş qarşılayırlar. Gəlib şəkil çəkdirirlər, danışmaq istəyirlər. Soruşurlar ki, “bizimlə niyə danışmır”. Deyəndə ki, “almandır”, hətta təəccüblənirlər. Düşünürəm ki, bəlkə də mən yoldaşımdan daha soyuğam. Ailəsindən də heç bir soyuqluq hiss etməmişəm. Qayınanam da yoldaşım kimi ünsiyyətcildir”.

Избранный
14
2
publika.az

3Источники