RU

İranı qorxudan sonluq: Türkiyəli ekspertdən sensasion açıqlamalar

Yaxın Şərqdə İranla İsrail arasında genişmiqyaslı müharibə ehtimalı özünü doğrulda bilər.

İsrail Hərbi Hava Qüvvələri Livanda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən himayə olunan “Hizbullah”ın bir çox mövqelərini bombalayaraq sıradan çıxarıb vəhavadan hücum əməliyyatlarını davam etdirir. Eyni zamanda, İsrail ordusu “Hizbullah”a qarşı quru əməliyyatlarına da hazırlaşır. Hücumlar fonunda İsrail kəşfiyyatı bir neçə gün əvvəl “Hizbullah”ın lideri Həsən Nəsrullahı və təşkilatın bir sıra yüksək rütbəli nümayəndələrini də zərərsizləşdirib.

Onu da xatırladaq ki, “Hizbullah”a qarşı əməliyyatdan əvvəl, yəni bu ilin yayında İsrail Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayil Haniyəni də xüsusi əməliyyatla zərərsizləşdirib.Yaxın zamana qədər təəccüblü məqam isə istər İsmayil Haniyənin, istərsə də “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahın öldürülməsinə yönələn əməliyyata İran hakimiyyətinin heç bir cavab verməməsi və səssizlik nümayiş etdirməsi idi. Hətta bəzi ekspertlər hesab edirdilər ki, İran İsrailə qarşı heç bir ciddi cavab tədbiri görməyəcək və hücum təşkil etməyəcək.

Amma oktyabrın 2-də axşam saatlarında baş verənlər, yəni SEPAH tərəfindən İsrail ərazisinə raket hücumları bu iddiaları boşa çıxardı və sükutu pozdu. İndi ekspertlər SEPAH-ın bu hücumunun siyasi oyun olması barədə fikir yürüdürlər. Onların fikrincə, bu, əvvəlcədən Qərb və İsraillə razılaşdırılmış plan ola bilər. Bir qrup ekspert isə bu hücum daxildəki narazılıqları yatırmaq və regionda İranın nüfuzunu qorumağa hədəfləndiyini deyir.

“New York Times” - ın məlumatına görə, Prezident Məsud Pezeşkiana SEPAH-ın İsrailə hücum barədə əvvəlcədən məlumat verilməyib. Bunun nə dərəcədə doğru olub-olmaması qeyri-müəyyən olaraq qalır.

Digər xüsusi maraq doğuracaq məsələ isə "The Wall Street Journal" -ın məlumatında yer alıb. Məqalədə qeyd olunur ki, Təl-Əviv ərəb ölkələri vasitəsilə İrana mesaj göndərib:

Mesajda bildirilir ki, İsrail ərazisinə istənilən birbaşa hücum onun nüvə obyektlərinə və neft infrastrukturuna hücumla qarşılanacaq”.

Nə olacaq?

Görəsən, ABŞ İsrailə bu addımı atmağa icazə verəcək? Ümumiyyətlə, İsrail, ABŞ və digər Qərb ölkələrinin İrana birgə hücum əməliyyatları həyata keçirməsi gözlənilir? Nüvə obyektlərinə və neft anbarlarına zərbələr İranı hansı fəlakətlərə düçar edəcək?

Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetinin Ədəbiyyat fakültəsinin Tarix kafedrasında İran və Yaxın Şərq üzrə mütəxəssis Gökhan Bolat “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, İranın İsrailə son raket hücumları üç səbəbdən irəli gəlir:

Prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayil Haniyənin Tehranda öldürülməsi, ondan sonra Livanda “Hizbullah”ın mövqelərinin bombalanması, lider Həsən Nəsrullahın və təşkilatın bütün heyətinin məhv edilməsi, ən sonunda Baş nazir Benyamin Netanyahunun İranda hazırkı rejimin devrilməsinə yönələn çağırışları Tehranı İsrailə növbəti raket hücumlarına vadar edib. İsrailin bu kimi addımlar atmaqda əsas məqsədi regionda böyük müharibənin baş verməsinə şərait yaratmaq və İranı bu müharibəyə cəlb olunmağa sövq etməkdir.

Ona görə də Təl-Əviv İranın qırmızı xətlərini tapdalamağa cəhd etdi. Birincisi, Dəməşqdə İran İslam Respublikasının səfirliyinə məxsus binanı hədəfə aldı və hücum zamanı SEPAH-ın bir neçə yüksək rütbəli zabiti öldürüldü. Tehran buna adekvat cavab versə də, İsrail İrana qarşı mübarizəsini davam etdirdi. Bu dəfə Tehranda HƏMAS-ın liderlərdən biri İsmayil Haniyənin sığındığı, xüsusilə SEPAH-ın mühafizə etdiyi bina partladıldı. İsrail bununla kifayətlənməyib Livanda “Hizbullah”a qarşı hava hücumlarına başladı. Son üç ay ərzində İsrail kəşfiyyatı “Hizbullah”ın bir çox yüksək rütbəli rəsmlərini zərərsizləşdirdi. Ən sonda isə Həsən Nəsrullahı öldürüldü”.

Raketlərlə göndərilən mesaj

Politoloqun sözlərinə görə, Baş nazir Benyamin Netanyahunun İranda hazırkı rejimin devrilməsinə yönələn çağırışlarıhakimiyyəti ciddi narahat edib:

Netanyahunun son bəyanatında Qərb müttəfiqləri ilə bərabər İrandakı mövcud rejimə qarşı xüsusi əməliyyat təşkil edəcəyi və rejimə qarşı müxalif olanların bu əməliyyatda yer alacağı ilə bağlı ifadələri Tehranın hakim dairələrində ciddi narahatlıq yaradıb. Bu amillə yanaşı, İsmayil Haniyə və Həsən Nəsrullahın öldürülməsi amili İran hakimiyyətini İsrailə qarşı cavab xarakterli tədbirlər görmək məcburiyyətində qoyub. Məhz buna görə də ali rəhbər Seyid Əli Xameneyinin əmri ilə SEPAH İsrailə növbəti raket hücumunu həyata keçirdi. İran hakimiyyətinin bu hücumda başlıca hədəfi, daxildə mövcudluğunu və Yaxın Şərqdə öz geosiyasi nüfuzunu qorumağa hədəflənib.

Əgər bir rejim ölkə hüdudlarından kənarda öz nüfuzunu və etibarını itiribsə, onun daxildə öz mövcudluğunu qoruması qeyri-mümkündür. Bir neçə il ərzində İranda baş verən son hadisələr, xüsusilə sui-qəsdlərin təşkil olunması onu göstərir ki, ABŞ və İsrail kəşfiyyatı bu ölkədə müəyyən mənada təsir imkanlarına malikdir. Rejim buna çox yaxşı bilir. Həm İsrail, həm də ABŞ kəşfiyyatı istənilən zaman İranda mövcud rejimə qarşı genişmiqyaslı nümayişlərin başlanmasına və qanlı qarşıdurmaların baş verməsinə şərait yarada bilər. Bu, rejimi çox qorxudur. İran hakimiyyəti İsrailə növbəti hücum təşkil etməklə ABŞ və Qərb ölkələrinə mesaj göndərdi ki, o, hələ ayaqdadır, öz mövcudluğunu qorumaq imkanlarına malikdir və onun mövcudluğuna son qoymaq o qədər də asan olmayacaq”.

“Bu müharibə bütün regiona yayılacaq”

İsrailin ABŞ-nin dəstəyi ilə İrana hücum əməliyyatları ehtimalına gəlincə, G. Bolat vurğulayıb ki, Vaşinqton Təl-Əvivə bu addıma atmağa imkan verə bilər:

“Amma bu, bir halda ola bilər. Hazırda ABŞ, prezident seçkiləri ərəfəsindədir.ABŞ-də kim prezident seçilirsə seçilsin, Vaşinqton hər zaman İsraili öz müttəfiqi hesab edəcək və ona dəstəyini dayandırmayacaq. O ki qaldı İsrailin İrana hücum etməsinə, bu, ABŞ-dəki prezident seçkiləri ərəfəsindəqeyri-mümkündür. Çünki həm respublikaçılar, həm də demokratlar hesab edirlər ki, belə bir halın baş verməsi onların seçki kampaniyasına zərərli ola bilər. Hazırda ABŞ-nin İsrailə qarşı hücuma ciddi reaksiya verməməsi rəsmi Təl-Əvivin sərbəst hərəkətinə və istədiyi addımı atmasına imkan yaradıb.

Amma burada bir önəmli məsələni diqqətdən qaçırmaq olmaz. Demokratlar və ya respublikaçılar bu seçkidə İsrail lobbisinin dəstəyini qazanmaq üçün bu ölkənin İrana gələcək hücumuna dəstək də verə bilərlər. Bu baxımdan, yaxın gələcəkdə ABŞ-nin siyasi, hərbi və iqtisadi dəstəyi ilə İsrailin İranın ərazisinə hücum əməliyyatları həyata keçirməsi mümkündür. Ancaq bu müharibə təkcə İsrail ilə İran arasında getməyəcək,bütün regiona yayılacaq. Rusiya və Çin də bu prosesə qatılmaq məcburiyyətində olacaq. Yəni Moskva və Pekin İranın tərəfində yer alacaq. Əgər İran bu müharibədə tək buraxılıb məğlub olarsa, Rusiya və Çinin Yaxın Şərqdəki geosiyasi mövqeləri tamamilə zəifləyəcək. ABŞ isə regionda hegemon dövlətə çevriləcək”.

Sonda G. Bolat bildirib ki, İsraillə müharibə İrandakı rejimin sonuna gətirə bilər:

“İsrailin, hətta Qərbin İrana hücumu ilə yanaşı, ölkə daxilində rejimə müxalif olan qüvvələr hərəkətə keçərsə, bu, mövcud rejimin tarixə qərq olunması ilə nəticələnə bilər. Hazırda İrandakı rejim tarixin ən çətin dövrlərini yaşayır. Yaxın zamanda İranda daha ciddi hadisələrin baş verməsinə şahidi ola bilərik”.

Избранный
3
1
turkustan.az

2Источники