RU

ABŞ Konqresinin “ənənəsi”...

İcma: Konqresmenlərin bu addımı təkcə Azərbaycana deyil, dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər arasında sülh sazişi layihəsi müzakirə olunur.

Konqresmenlər Antoni Blinkenə niyə müraciət edib?

İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər. Sentyabrın 26-da isə rəsmi Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Bu görüş nazirlərin Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirakı çərçivəsində baş tutub. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib. Rəsmi Vaşinqton tərəflər arasında sülh prosesini dəstəklədiyini növbəti dəfə bəyan edib.

Lakin ABŞ administrasiyanın bu mövqeyinə rəğmən Konqresdə Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsinə maraqlı olan qüvvələr mövcuddur.  Konqresin bir sıra üzvlərinin beynəlxalq hüquqa zidd olaraq işğalçı Ermənistanı və erməni separatizmini dəstəkləməsi qəbulolunmazdır. Həmin konqresmenlər Azərbaycan haqqında qərəzli bəyanatlar verərək ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar.

Təəssüf ki, ABŞ Konqresi bu ziyanlı “ənənə”sindən əl çəkmək istəmir. Belə ki, oktyabrın 3-də bir qrup konqresmen ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə ediblər. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışıblar.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin önəmi

Məsələ ilə bağlı bəyanat verən Qərbi Azərbaycan İcması ABŞ konqresmenlərinin bu addımını açıq-aşkar şantaj kimi dəyərləndirib.  “Əvvəla, qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. İkincisi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır. Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib”,-deyə bəyanatda qeyd olunub. Bildirilib ki, şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur.

Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edib.

Əslində, bu, Konqres tərəfindən  ilk belə hal deyil. Qeyd etdiyimiz kimi, ABŞ Konqresinin Ermənistana lobbiçilik edən üzvləri vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr arasında ABŞ konqresmenləri də “fəallıqları” ilə seçilirlər.

Konqresmenlər COP29-u qərəzli kampaniyaları üçün “fürsət” bilir?

Faktlara diqqət yetirək. Ötən ilin noyabrında Konqresdə Azərbaycanın öz suverenliyinin bərpasından narahat olan konqresmenlər “dinləmələr” təşkil etmişdilər. Həmin dinləmələrdə qurumun üzvləri ilə yanaşı, Dövlət Departamentinin rəsmi şəxsləri də ölkəmizə qarşı əsassız iddialar səsləndirmişdilər. Bu ilin iyul ayında isə Nümayəndələr Palatasının üzvləri - Anna Eşu və Kris Smit Azərbaycanı guya “Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə apardığına görə” “qınayan” ikipartiyalı qətnamə layihəsini təqdim ediblər. Həmçinin, bir müddət öncə konqresmen Adam Şiff və 47 tərəfdarı dövlət katibi Antoni Blinkenə məktub yazaraq “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə “narahatlıqlarını” bölüşmüşdülər. Bundan başqa, mayın 13-də isə ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) ABŞ dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd etmişdilər.  Onların növbəti addımı isə sentyabrın 19-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrin keçirilməsi oldu. Bütün bunlar sanki Konqresdə Azərbaycana qarşı “səlib yürüşü”nün təşkil olunması təsəvvürü yaradır.

Beləliklə, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən qüvvələr COP29-u Azərbaycana qarşı qərəzli kampaniya aparmaq üçün “fürsət” kimi görürlər. “Avroviziya-2012” və digər tədbirlər ərəfəsində də belə cəhdlər edilmişdi. Amma həmin qüvvələr unutmamalıdır ki, həmişə olduğu kimi bu dəfə də məkrli planları fiaskoya uğrayacaq. 

Nardar BAYRAMLI

Избранный
14
yeniazerbaycan.com

1Источники