RU

Azərbaycanla savaş istəyən erməni keşiş boykot olundu...

Image

Ötən ildən bəri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyan paytaxt İrəvanda etiraz aksiyalarını bərpa etdikdən sonra daha biabırçı vəziyyətə düşüb. 

Belə ki, yeni etiraz aksiyasında Qalstanyan ötən ilin may və iyun ayları ilə müqayisədə xeyli az tərəfdar toplaya bilib. Lakin o, Respublika meydanına toplaşmış azsaylı tərəfdarlarına deyib ki, hakimiyyət dəyişikliyi uğrunda mübarizə yenicə başlanıb.

Qalstanyanın çağırdığı yeni mitinqdə məqsəd etirazlara mümkün qədər çox nümayişçinin cəlb edilməsi idi. Müşahidəşilər bunun baş vermədiyini deyirlər. Qalstanyan müxalifət qruplarını onun hərəkatı ətrafında sıx birləşməyə, təkəbbür və lovğalığı, habelə fikir ayrılıqlarını bir tərəfə qoymağa çağırıb. Keşiş sərvətlərini itirməkdən qorxaraq açıq şəkildə rejimə xidmət edən varlıları tənqid edib. Bununla kifayətlənməyən arxiyepiskop Ermənistan İctimai Televiziyasında canlı efir vaxtı tələb edib. O, bu telekanalı yalan və təbliğatın yuvası adlandırıb.  Qalstanyan bundan sonra tərəfdarları ilə birlikdə telekanalın iqamətgahına yürüş edib. O, polis tərəfindən sıx şəkildə mühafizə olunan televiziya binasına çatdıqdan sonra Qalstanyana vətəndaşlara müraciət etməsi üçün qısa vaxt verilib. O, bunun müqabilində İctimai Televiziyanın xəbərlər proqramının hökumətyönlü redaktoru Petros Qazaryanın suallarına cavab verə biləcəyini deyib. Gecə yarıdan sonra efirə verilən 12 dəqiqəlik monoloqunda keşiş erməniləri “yuxudan oyanmağa və necə bir hadisələrlə üzləşəcəyimiz barədə” düşünməyə çağırıb. Qalstanyan çıxışında yenidən Paşinyanı Azərbaycan və Türkiyənin əmrlərini yerinə yetirməkdə və hakimiyyətdə qalmaq naminə sülh müqaviləsinin imzalanması üçün Bakıya yalvarmaqda ittiham edib.  Qazaryanla müsahibədə Qalstanyan onun özünün proqramı və konkret addımları barədə sualları cavabsız buraxıb. Paşinyanın siyasi müttəfiqləri ötən ay əmin olduqlarını bildirmişdilər ki, keşiş Qalstanyanın planlaşdırdığı yeni etirazlar da iflasa uğrayacaq. Burada bir daha xatırladaq ki, Erməni Kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. O, Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, baş nazir Nikol Paşinyanın istefasını tələb edib. İyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar. Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb. Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib. Hakimiyyət Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının zəiflədiyini bildirir.

Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Baqrat Qalstanyanın başçılıq etdiyi radikal müxalifətin Respublika meydanında keçirilən mitinqi bir daha bizim iqtidara gəlməyə çalışanların alçaqlığını göstərdi. Biz heç bir şəkildə indiki iqtidarı tərifləməyə və ya siyasi müxalifətə ehtiyacı inkar etməyə çalışmırıq. Sonuncu istənilən demokratik dövlətdə mühüm atributdur. Amma nədənsə məhz bizdə indiki müxalifət təlxəkliklə Rusiyanın 90-cı illərin cəsur cinayətkar dəstəsinin çarpazıdır. Gəlin, bəlkə də Qalstanyanın cəmiyyətimizdə populyarlığından və onun ideyalarından başlayaq. Daha doğrusu, onun iflasından bəhs edək. Baqratın avantürizmi, “Qarabağ klanı”nın marioneti roluni yerinə yetirməsi “müxalifətin yeni liderini” məhv etdi. Onun İrəvandakı ilk mitinqini xatırlayın - ən mühafizəkar standartlarla orada 35 min insan iştirak edirdi. Amma sonunucu mitinqdə ən yaxşı halda 2-3 min adam toplaşdı. Mihran Tsarukyan Respublika meydanında konsert versəydi, daha çox və geniş kütlə toplayardı. Qalstanyanın çağırışına isə bir neçə min insan cavab verdi. Razılaşın, bu, Baqratın cəmiyyətimizdəki reytinqinin əhəmiyyətli göstəricisidir. Amma o, xəyali dünyada yaşamağa davam edir və baş nazir olmaq arzusundadır. Yaxşı, necə deyərlər, yuxu görməyin ziyanı yoxdur.

Mitinq iştirakçılarının sayının cüzi olmasına baxmayaraq, Qalstanyan Ermənistanın İctimai Televiziyasını ələ keçirmək və canlı yayımda çıxış etmək niyyətində idi. Cübbəli adam nəinki qanunu pozmağa hazırlaşırdı, həm də açıq-aşkar yalan danışırdı. Onun sözlərinə görə, guya o, dəfələrlə İctimai Televiziya ilə əlaqə saxlayıb, mövqeyini təqdim etmək üçün ona efir vaxtının ayrılması tələbi ilə müraciət edib, lakin hər dəfə ona rədd cavabı verilib. Tezliklə Qalstanyanın açıq-aşkar yalan danışdığı məlum oldu. İctimai Televiziyanın bəyanatında deyilir ki, yürüş başlayan andan telekanal Qalstanyana efirə çıxmaq üçün dəvət göndərib, lakin o, razı olmayıb. Buna baxmayaraq, Baqrat və onun nadir tərəfdarları İctimai Televiziyaya doğru hərəkət etdilər. Və orada Baqrat  polis əməkdaşları ilə mübahisə edib. Üstəlik, onları adlarla çağırıb, onları məhv etməklə hədələyib. Razılaşın, bu cür davranış normal adam üçün, xüsusən də ölkə rəhbəri olmaq arzusunda olan insan üçün bağışlanmazdır. Baqrat Qalstanyan İctimai Televiziyada Petros Kazaryanın verilişində çıxış edəndə, nəhayət, ölkədə hamıya aydın oldu ki, biz aldadıcı, aqressiv və qeyri-adekvat bir insanla qarşılaşırıq. O, Kazaryana açıq şəkildə etiraf edib ki, polis rəisini tapdalamaqla hədələyib. Baqrat heç bir tərəddüd etmədən dedi: “Polis rəisi özünü zorakı apardı və cavabını aldı. Fikir gücü ilə tapdalayacağam, ruhumla tapdalayacağam, hamını tapdalayacağam”. Bəs bu, bir din xadiminin davranışı və lüğətidir? Xeyr, bu, yol quldurunun davranışıdır. Ona görə də eyni quldurlar - Robert Köçəryan və Serj Sarkisyan ona “stavka” edirlər. Artıq bütün ölkə əmin olub ki, Baqrat onların əlində bir marionetdir, birincilər ondan etiraz rəyi lideri formalaşdırmağa çalışırdılar. Bəli, 2018-ci ildən sonra Köçəryanın və Sarkisyanın Ermənistanda hakimiyyətə qayıtmaq şansı yox idi. Onların bunun üçün nə lazımi elektoratı, nə də ki, insanları səfərbər etmək üçün legitimliyi var idi. Beləliklə, insanların onun ardınca gedəcəkləri ümidi ilə cübbəli bir adamı önə çəkdilər. Baqrat keçmiş və indiki siyasi mühitdən kənar bir siyasətçiyə çevrildi, mömin, korrupsioner olmayan etiraz lideri rolunda təsvir edildi. Eyni zamanda, kifayət qədər pul alan mətbuat 2018-ci ildə İrəvana yürüş edən zaman Qalstanyanın Paşinyanı dəstəklədiyini, əslində Anna Akopyanın rəhbərlik etdiyi qəyyumlar şurasına daxil olduğunu xatırlatmamağa çalışırdı. Lakin keçmiş yoldaşları onu satın almağa müvəffəq oldular və 44 günlük müharibədən qısa müddət sonra onu “rejimə qarşı döyüşçü” kimi formalaşdırmağa başladılar. Lakin cəmiyyətimiz tez bir zamanda Baqratdan məyus oldu, anladı ki, hamımız hazırkı hakimiyyəti devirmək üçün şiddətli etirazlara hazırıq. İnsanlar indiki hakimiyyətin süqutundan sonra ölkəyə kimin rəhbərlik edəcəyi sualını özlərinə verməyə başlayanda və hətta buna cavab tapanda - təbii ki, 2018-ci ilin yazında devirdiyimiz şəxslərin siması göz önünə gələndə, o zaman hər şey öz yerinə düşdü. Nəticədə müxalifətin uzun müddətdir və diqqətlə hazırlanmış son mitinqində cəmi iki min insan iştirak edib”.

Samirə SƏFƏROVA





Избранный
15
baki-xeber.com

1Источники