RU

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb.

O bildirib ki, qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi öz əksini tapıb. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universiteti ilə tanışlığı və ustad mühazirələrin oxunması da nəzərdə tutulur.

İş planı təsdiqləndikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ci məsələsi olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və əlilliyi olan şəxslərə qarşı mənfi təsəvvürlər yaradan ifadələrin mənfi təsəvvürlər yaratmayan ifadələrlə əvəz olunmasını özündə ehtiva edir.

İclasda çıxış edən deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.

İclasın sonunda Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Избранный
3
2
azertag.az

3Источники