RU

Boşanmalar artır: kədərli, psixoloji sarsıntı ilə böyüyən nəsil yaranır...

“Boşanmalar çox aktual məsələ olsa da, ölkəmizdə bu problemin həll olunmasına ciddi münasibət yoxdur”.

 

Bu barədə Modern.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

 

Müsahibimiz qeyd edib ki, artıq 20 ildir hər həftə bu barədə müsahibə verir, ancaq nəticəsi yoxdur:

 

“Lazımi orqanlar və şəxslər ya məni başa düşmürlər, ya da nə etməli olduqlarını bilmirlər. Boşanmaların çox olması fəlakətdir. Burada əsas məqam uşaqlarla bağlıdır. Boşanan bəlkə də daha yaxşı həyat yoldaşı tapacağını deyə bilər. Bəs uşaq daha yaxşı valideyn tapa biləcəkmi?! Boşanmaların sayı artdıqca ölkədə kədərlə, psixoloji sarsıntı ilə böyüyən nəsil ortaya çıxır. Boşanan şəxslərin övladlarının həyatı tamamilə dəyişir. Həmin uşaqlar yalnız öz həyatları üçün deyil, eyni zamanda psixoloji sarsıntı keçirirlərsə, cəmiyyətin keyfiyyətinə mənfi təsir edirlər. Ona görə də bu məsələyə təcili həll yolu tapmaq lazımdır”.

 

Ə.Qəşəmoğlunun sözlərinə görə, boşananlar arasında həqiqi və ciddi sosioloji tədqiqatlar aparmaq lazımdır:

 

“Burada söhbət anket keçirməkdən getmir. Həmin şəxslərlə söhbət etmək, araşdırmalar aparmaq lazımdır. İkinci addım, həmin şəxslərin valideynləri arasında araşdırmalar aparılmalıdır. Daha sonra məhkəmələrlə də söhbətlər edilməlidir. Burada vəziyyət aydın olacaq ki, Azərbaycanda boşanma halları niyə belə çoxalıb. Həm də burada bir şeyə diqqət lazımdır ki, hər regionda səbəblər nədir. Ola bilər ki, səbəblər Lerikdə, Zaqatalada, Şahbuzda başqadır. Bunları çox diqqətlə öyrənməyə ehtiyac var. Bəzən görürük ki, kimsə qrant əldə edir, kiçik bir anket keçirir, deyirlər araşdırma apardıq. Sosioloq başa düşməlidir ki, sosiologiya təkcə sorğu keçirməkdən ibarət deyil. Sosioloq diqqətli həkim kimi problemi hərtərəfli öyrənməlidir. Sosioloji araşdırma  laboratoriya nəticəsi kimidir. Mən belə nəticəyə gəlmişəm ki, bu sahədə sosioloji aparanların çoxu lazımi şəkildə aparmır".

 

Sosioloqun fikrincə, bu araşdırmaların nəticəsində fəaliyyət proqramı hazırlanmalı idi:

 

“Bu proqram çərçivəsində məlum olacaqdı ki, hansı qanuni baza möhkəmləndirilməlidir, hansı sosial müdafiə tədbirləri görülməlidir, orta məktəblərdə və universitetlərdə hansı işləri aparmaq lazımdır. Amma aidiyyəti təşkilatlar buna reaksiya vermir, görməzdən gəlir. Sonra da deyirik ki, bu niyə artır?! Xəstəlik müalicə edilmədikdə yayılmalıdır da".

 

Müsahibimiz sonda vurğulayıb ki, bu hal demoqrafik cəhətdən də olduqca xoşagəlməz vəziyyət yaradır:

 

“Ölkədə əhali artımı azalır. Bu zaman da ölkəyə başqa etnik mənsubiyyətli insanlar gəlir. Beləcə Fransada olduğu kimi etnik tərkib dəyişir. Boşananlarda da, onların övladlarında da psixoloji sarsıntı yaranır. Azərbaycan mədəniyyəti ailə institutu üzərində qurulub. Ailə institutuna lazımi diqqət verməyəndə ölkənin mədəniyyət sistemi dəyişir. Bununla mübarizə aparmaq lazımdır. Amma məmurlar yenə özlərini ağıllı göstərəcəklər”.

Избранный
6
modern.az

1Источники