RU

Qleyson Bremer üçün cari mövsüm erkən bitdi

Futbol üzrə Braziliya millisinin və İtaliya nəhəngi “Yuventus”un mərkəz müdafiəçisi Qleyson Bremer uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verir.

Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş Almaniyanın “Leypsiq” komandası ilə səfər oyununda dizindən ağır zədə alıb. Komandasının 3:2 hesablı qələbəyə sevindiyi oyunu başa çatdıra bilməyən müdafiəçi Federiko Qatti ilə əvəzlənib. Oyundan sonra tibbi müayinələrdən keçən oyunçunun çarpaz bağlarının qopduğu müəyyənləşib. Əməliyyat olunan futbolçu üçün 2024/2025 mövsümü erkən başa çatıb. Bremer ən yaxşı halda gələn ilin yayında sıraya dönə biləcək.

Bremer Braziliyanın “Deportivo”, “San Paulo”, “Atletiko Mineyro” klublarının futbol məktəblərindən keçərək böyük futbola gəlib. 2018-ci ilin yayında, iyunda Bremer “Atletiko Mineyro”nun əsas heyətinə düşə bilib və cəmi bircə ay sonra, iyulda “Torino”nun skautlarının diqqətini çəkərək, Turin klubuna transfer edilib. “Torino” bu transferə 5,8 milyon avro məbləğində xərc çəkib. 2022-ci ilin iyulunda Bremer Turin nəhəngi “Yuventus”un maraq dairəsinə düşüb və “qoca sinyora” 47 milyon avro müqabilində Bremeri “Torino”dan transfer edib.

Bremer cari mövsümdə “Yuventus”un heyətində bütün yarışlarda 8 oyun keçirib. Qleysonun “byankoneri”nin heyətində ümumi oyun mənzərəsi belədir: 91 oyun, 8 qol, 1 məhsuldar ötürmə.

Qleyson Bremer 2022-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Bremerin karyerası ərzində böyük futbolda yeganə qəniməti “Yuventus”la 2023/2024 mövsümündə qazandı İtaliya Kubokudur.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Избранный
9
arena.az

1Источники