RU

Apteklər pulsuz dərmanları nə vaxt və kimlərə verəcək? - RƏSMİ

Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq. 

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. 

O qeyd edib ki, layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilib və geniş şəkildə araşdırılıb: "Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilib ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. 

Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır. 

Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. 

Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. 

Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq". Parlament rəsmisi vurğulayıb ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb. 

Qeyd edək ki, məsələ parlamentin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub. Hazırda vətəndaşlar xəstəxanalarda icbari tibbi sığortadan yararlansalar da, dərman satışı ilə bağlı hələ yeni sistem yaradılmayıb. Artıq bir müddətdir ki, ambulator müalicənin dərmanları ilə bağlı müzakirələr gedir. 

Bəs, ambulator müalicənin dərmanları tibbi sığortanın müştərək maliyyələməsindən (hazırda bütün vəətndaşların tibbi sığortası dövlət tərəfindən qarşılanır-red.) sonra tətbiq olunacaqmı? 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta tərəfindən qarşılanacağı ilə bağlı hələ Milli Məclisdə müzakirələr gedir:

“Bu layihənin digər oxunuşları da var. Bütün bunlar təsdiqlənəndən, Xidmətlər Zərfinə daxil olduqdan sonra bu barədə məlumat verəcəyik. 

Ancaq onu deyə bilərik ki,  qanun təsdiq olunduqdan sonra mərhələli şəkildə, yəni əvvəlcə ürək-damar xəstəlikləri, ikinci həzm sistemi, sonra isə tənəffüs sistemi xəstəlikləri ilə bağlı ambulator şəkildə dərmanların alınması nəzərdə tutulub. Təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Azərbaycan Həkimlər İctimai Birliyinin sədr müavini Aydın Əliyev isə bildirib ki, bu, ancaq təqdirəlayiqdir: 

“Çünki bəzi insanların dərman preparatları almağa maddi imkanı yoxdur. Bəzi dərman preparatlarının qiyməti çox bahadır. 

Ambulator müalicə üçün yazılan dərman preparatlarının icbari tibbi sığorta tərəfindən qarşılanması təqdirəlayiq hal olacaq. Bu gün işləyib-işləməməsindən asılı olaraq bütün vətəndaşların sığortadan yararlanmaq hüququ var. Bu aradan qaldırılmamalıdır. 

Çünki işləməyən insanın maddi vəziyyəti daha çətindir. Vətəndaşın icbari tibbi sığortadan yararlanması daha məqəsdəuyğundur. 

İşləməyən insanların ödəniş etməsi çətinlik yaradacaq. Ambulator müayinə sığorta tərəfindən qarşılanacaqsa, bu, yaxşı haldır”. 

Избранный
3
5
cebheinfo.az

10Источники