RU

Sergey Markov: “Pezeşkian İranın Qorbaçovudur”

"İranın raket hücumundan İsrailə dəyən zərər minimal olub. 

Cəmi bir nəfər ölüb ki, o da fələstinlidir. Əslində isə terrorçular həmin gün avtobus dayanacağındakıları güllələməklə İsrailə İranın bu iri raket hücumundan daha çox ziyan vurublar".

Bu fikirləri rusiyalı politoloq Sergey Markov “Cümhuriyət” -ə Yaxın Şərqdə baş verənləri dəyərləndirərkən deyib. O hesab edir ki, hadisələrin səbəbi haqqında ortaq fikir yoxdur:

"Bununla bağlı iki mövqe var. Birincisi, İran İsrailə güclü zərbə vurmaq istədi, amma bunu edə bilmədi, çünki İsrailin hava hücumundan müdafiə sistemi kifayət qədər güclüdür. İsraillə İran arasında məsafə uzaq olduğu üçün həmin raketlər hədəfləri dəqiq vurmayıb. Əslində bunlar İsrailə çatan raketlərin variantlarıdır.

Bunlar,  məsələn, Ukraynanın bütün ərazisini əhatə edən və Belarusa çata bilən, yəni, 2000 kilometrdən çox uçan raketlərdir.

İranla İsrail arasında kifayət qədər uzun məsafə var və buna görə də uzaqmənzilli raketlər kifayət qədər dəqiq nişan ala bilmir. 

İkinci izahat isə budur ki, İran İsrailə qarşı saxta hücum təşkil edib. Oxşar uydurma hücumu İran aprelin 13-də də həyata keçirmişdi. O zaman İran Dəməşqdəki konsulluqda iclas keçirən onlarla iranlı kapitan və generalın qətlinə  cavab verdi. 

İran  bu raketləri çox yüksəklərə göndərdi ki, onları vurmaq asan olsun. Mənim fikrimcə, İran bu raketlərin nə vaxt göndəriləcəyini İsrailə  əvvəlcədən demişdi. Tehran bununla sanki göstərmək istədi ki, o, hər şeyi elədi, amma İsrail bütün hücumları dəf etdi. 

İranın   aprelin 13-dəki hücumunun məqsədi  öz əhalisi və  İslam dünyası arasında İsrailə cavab zərbəsi endirildiyi görüntüsü yaratmaq idi.  Əslində isə bu zərbəni endirə bilmədi və İsraili yeni güclü zərbələrə təhrik etməmək üçün hərbi hərəkətlərdən yayındı”.

Politoloq qeyd edib ki, İsrail bu vəziyyətdən yararlanıb: 

“İsrail İrandan güclü cavab olmayacağını anlayaraq bu ölkəyə daha güclü zərbələr endirməyə başladı. Bu, özünü HƏMAS liderinin aradan götürülməsində göstərdi. Amma HƏMAS təkcə İranın müttəfiqi deyil. HƏMAS lideri İranın yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasimində iştirak edib və Tehrandakı rəsmi dövlət iqamətgahında məhv edilib. 

Yəni, İran çox pis təhqir olunub. Daha sonra  peycerlərlə olan partlayışlar və “Hizbullah” liderinin məhvi İranı  cavab vermək məcburiyyətində qoydu. Amma bu model də  aprelin 13-də olduğu kimi, uydurma  işlənib hazırlanmışdı. Yəni uydurma cavab zərbəsi oldu”. 

Ekspert hesab edir ki,  İsrailə minimal ziyan dəyməsinin  səbəbləri var:

“Zərərin azlığının səbəbi İsrailin hava hücumundan müdafiə sisteminin mükəmməl olmasında deyil, İranın raket sistemlərinin pis vəziyyətdə olmasındadır. Sual yaranır ki, əgər belədirsə, İran niyə bu qondarma cavab zərbəsi yolunu tutdu? 

Birincisi, İran istəyir ki, müharibə daha çox genişlənsin və ilk növbədə Livanda olsun. Çünki İsrail artıq iki dəfə Livan müharibəsində “Hizbullah”a uduzub. 

İkincisi, İran ABŞ seçkilərinin nəticələrini gözləyir və orada hakimiyyətə kimin gələcəyindən çox şey asılıdır. Çünki Tramp İsrailin çox böyük dəstəkçisi və İranın böyük düşmənidir. Buna görə də İran İsrailə qarşı hərbi əməliyyatlarla Trampın seçkilərdə qalib gəlməsinə kömək etmək istəmir. İran indi əslində belə yumşaq zərbələrlə, müharibədən qaçmaq cəhdi ilə Kamala Harrisin ABŞ-də prezident seçkilərində qalib gəlməsinə kömək edir.

Üçüncüsü, İran indi bu məsələni ifrat səviyyəyə qaldırmaq istəmir. İstəmir ki, İsrail İrana qarşı nüvə silahından istifadəyə hazır olsun. Tehran anlayır ki, Netanyahu  indi küncə sıxışdırılıb və o, nüvə silahından istifadəyə hazırdır". 

İranda  anti-Qərb komponentinin şişirdildiyini deyən politoloq  bu  komponentin formal miras olduğu fikrindədir. O, bunu 70-80-ci illərdə kommunist ideyalarına hələ də inanan adamların olması ilə müqayisə edib.   Həmsöhbətimiz hesab edir ki, əslində indi İranın elitası Qərblə barışmaq istəyir: 

"İran Prezidenti Pezeşkian elə iranlı Qorbaçovdur və yavaş-yavaş qərbyönlü qüvvələrə yaxınlaşır. O, İran İnqilab Keşikçiləri Korpusundan anti-Qərb radikallarını  yavaş-yavaş sıxışdırıb çıxarmaq istəyir. 

Bundan əlavə, deyilənə görə, İranda İsraillə mübarizə üçün xüsusi bir qurum yaradılıb. Məlum olub ki, ona MOSSAD kəşfiyyatçısı rəhbərlik edir. Bəlkə də indi İran rəhbərliyindəki hər üçüncü lider İsrailin agentidir. 

İranın cavabı İsrailin indi nə edəcəyindən asılıdır. İsrail İranın aprelin 13-dəki saxta hücumundan sonra etdiklərini indi də təkrarlayacaq. Bəlkə indi də İsrail İrana saxta cavab verəcək, yəni bu, real cavab olmayacaq. O zaman İranın da sərt cavaba ehtiyacı qalmayacaq. İndi əsas sual odur ki, əgər İsrail saxta yox, əsl sərt cavab versə, İran nə edəcək? Bu dəfə yenə saxta hücumu təkrarlayacaq? Belə edərsə, bu, artıq 3-cü dəfə olacaq.  

Bu sualların hələ dəqiq cavabı yoxdur".

Избранный
23
44
cebheinfo.az

10Источники