RU

Tələbənin maşınla vuraraq öldürdüyü piyada nazirliyin yüksək vəzifəli şəxsinin atası imiş

Sumqayıt Şəhər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Elvin Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində qeydə alınıb.


Belə ki, 2000-ci il təvəllüdlü Elvin Ağazadə etibarnamə əsasında idarə etdiyi anasına məxsus “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1953-cü il təvəllüdlü Hacıyev Hacıalı Məcid oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq 4 gün sonra həyatını itirib.


Məhkəmədə Elvin Ağazadə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində deyib ki, Azərbaycan Texniki Universitetində Nəqliyyat Mühəndisliyi və loqistika ixtisası üzrə ali təhsil alır.


Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun övladı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumlarının birində direktor vəzifəsində çalışır. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini, bu səbəbdən də Elvin Ağazadəyə qarşı heç bir şikayətin və tələbinin olmadığını qeyd edib.
 

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 10:27   
Избранный
14
21
pravda.az

10Источники