RU

Ürək yanğısı ilə yazılan kıtab

44 günlük İkinci Qarabağ müharibəsində düşmən üzərində misilsiz Qələbə Vətənimizin tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan əsgərinin canı, qanı  bahasına ərazi bütövlüyümüz təmin edildi.Vətən uğrunda şəhid olan, qazi olan gənclərimiz xalqımızın fəxridir.Bu mövzuda publisistikamızda layiqli əsərlər meydana çıxmışdır. Ədalət Cəfəroğlunun “Zəfər kitabını qanla yazan igid oğullar” kitabı da belə əsərlərdən biridir.

 Naxçıvan ədəbi mühitində yaradıcı müəllimlərimizin ön cərgəsində addımlayaraq ömrünü illərə, aylara bölə-bölə illərin dizini qatlayan, 65 yaşın bahar havasına qovuşan, gənclik həvəsi ilə yazıb-yaradan Ədalət Cəfəroğlunun çapa hazırladığı bu yeni kitabını böyük həyəcan və ürək ağrısı ilə oxudum. Ədalət Cəfəroğlunun oxuculara təqdim etdiyi bu yeni kitabından danışmazdan əvvəl, ümumiyyətlə, onun ədəbi fəaliyyətindən bir neçə kəlmə söz açmaq istəyirəm. Ədalət müəllim Culfa rayonunun Dizə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Dərs dediyi şagirdlərinin xoş sorağı respublikamızın müxtəlif ali məktəblərindən, təhsil müəssisələrindən gəlir. O, 17 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

 Geniş dünyagörüşünə, böyük yaradıcılıq imkanlarına malik olan Ədalət müəllim Naxçıvan ədəbi mühitində öz dəsti-xətti ilə seçilən qələm sahiblərindəndir. Ədalət müəllim mənim çox sevdiyim, şəxsiyyətinə və qələminə hörmət bəslədiyim tələbələrimdəndir. O, mükəmməl dünyagörüşü, bilik səviyyəsi, təşkilatçılıq qabiliyyəti ilə sayılıb seçilən, öz ixtisasını və peşəsini mükəmməl bilən, Vətəninə, millətinə, doğulub boya-başa çatdığı Culfa rayonuna dərin köklərlə bağlılığı ilə tanınan dəyərli bir ziyalıdır. Ədalət müəllimi ötən əsrin 80-ci illərində Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (İndiki Naxçıvan Dövlət Üniversitetində) dərs dediyim vaxtlardan tanıyıram. Təhsil aldığı illərdə Ədalət müəllim çalışqanlığı, dərin savadı və təvazökarlığı ilə diqqətimi cəlb edib. O, ədəbiyyata bağlı bir ziyalıdır. Onun maraq dairəsi genişdir. Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya klassiklərini də çox böyük həvəslə mütaliə edər, yeri gəldikcə fikir və düşüncələrini dövrü mətbuatda oxucularla bölüşərdi. Elə o vaxtlardan onun dövrü mətbuatda çap olunan yazılarını maraqla oxumuşam. Ədalət müəllim elə, obaya bağlı, sözübütov, dosta, yoldaşa çox sədaqətli bir insandır. O, qoynunda yaşadığı Culfa rayonundan yazmaqdan yorulmur, ciddi axtarışlar aparır, ərsəyə gətirdiyi, gördüyü hər bir xeyirxah işındən böyük zövq alır. Daim axtarışda olan, yazıb-yaratmaqdan yorulmayan Ədalət müəllim bir yazar, şair publisist kimi oxucular tərəfindən sevilir. Onun “İrəvanda xal qalmadı”, “Dilimiz varlığımızdır”, “Ədəbi düsüncələr”, “Müqəddəs varlığımız”, “Əlimdə qələm olanda”, “Dəmir yumruq altında bir elin gücü”, “Torpağın köksündə tarixin izləri” və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Ədalət Cəfəroğlunun çapa hazırladığı “Zəfər kitabını qanla yazan igid oğullar” kitabını dəfələrlə oxudum. Kitabda Birinci Qarabağ döyüşlərində, 2020-ci il 44 günlük Vətən müharibəsində, “Qisas”və antiterror əməliyyatlarında qəhrəmanlıqla vuruşaraq zəfər tariximizin şanlı səhifələrini qanla yazan Culfanın igid oğulları haqqında qələmə aldığı sənədli hekayələr və poetik düsüncələrinin məhsulu olan vətənpərvərlik ruhunda qələmə aldığı şeirlər daxil edilmişdir. İnamla deyə bilərəm ki, kitaba daxil edilən hər bir yazı ürək yanğısı ilə yazılıb. Ədalət müəllimin son illər qələmə aldığı və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan “Əlimdə qələm olanda”, “ Dəmir yumruq altında bir elin gücü”, “Torpağın köksündə tarixin izləri” kitablarında onun neçə bir vətənpərvər, elinə, obasına bağlı qələm sahibi olduğunu görürük. Biz Ədalət müəllimin yaradıcılığında kitabdan-kitaba yüksək fikirlərin şahidi olduq. Onun ürəyi körpə ürəyi kimi safdır. Ədalət müəllimin əsərlərinin mayəsi Vətən sevgisidir. Vətən havasına köklənmiş bu kitablarda müəllifin ürək yanğısı açıq - aydın hiss olunur.

 Vətənə, torpağa, el-obaya bağlılıq Ədalət Cəfəroğlunun poetik yaradıcılığının ana xəttidir. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımız haqqında çoxlu əsərlər yazılıb və yazılmaqdadır. Lakin Ədalət müəllim heç kəsi təkrar etmədən özünə xas sadə, anlaşıqlı deyim tərzi ilə seçilir. Müəllif əsərdə 44 günlük Vətən müharibəsində Culfanın igid oğullarının keçdiyi döyüş yolunu, Vətən sevgisini bədii lövhələrlə və ürək yanğısı ilə oxucuya çatdırmağa nail olmuşdur.

Yeri gəlmişkən onu da qeyd edək ki, Ədalət müəllimin övladı 10 ildən artıqdır ki, mayor rütbəsində Vətən torpaqlarının keşiyindədir. O da 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasi zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Ədalət Cəfəroğlu kitabın giriş hissəsində yazır: “Şəhid anaları, oğul dağını sinəsində yaşadan şəhid ataları ilə söhbət edəndə özüm də onlarla birlikdə sanki odun alovun içində yanıram. Şəhid valideynləri ilə görüşəndə onların qürur hissi ilə söylədikləri söhbətlər indi də qulağımda səslənir. Əslində şəhid oğullarımız haqqında qələmə aldığım hər bir yazı şəhid valideynlərinin könül dünyasının əmanətidir, şəhidlərin saf, ülvi səsləri, pak əməlləridir. Ədalət Cəfəroğlu “Zəfər kitabını qanla yazan igid oğullar” kitabında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Günnüt əməliyyatlarında, nəhayət, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış və yaddaşlarda yaşayan Culfanın igid oğullarının qəhrəmanlığından bəhs edir. Bu kitabı oxuyarkən müəllifin özünəməxsus poetik üslubunu, yazı tərzini bəyəndim. Kitaba daxil edilən şeirlərdə igid ogullarımızın fədakarlığı ilə işğaldan azad olunmuş yurd yerlərimizin azadlığa qovuşmasından sevinərək qürur hissi keçirən müəllifin sanki ürək döyüntüləri, qəlbinin səsi eşidilir. Bu şeirlər Vətənə, xalqa bağlı, vətənin azadlığını hər şeydən uca tutan bir vətəndaşın qəlbinin səsidir.

İnanırıq ki, Ədalət Cəfəroğlunun yüksək vətənpərvərlik hisslərinin bədii ifadəsi olan “Zəfər kitabını qanla yazan igid oğullar” kitabı hər bir vətənpərvər Azərbaycan övladı tərəfindən rəğbətlə qarşılanacaq, gənclərin stolüstü kitabına çevriləcəkdir.

Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü

Избранный
68
ikisahil.az

1Источники