RU

Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər – ANALİZ

Canlıların, o cümlədən insanların pisliyi unutmaq kimi instinktiv qabiliyyəti var. Əks halda yaşamaq mümkün olmazdı. Keçmiş, keçmişdir və tarixdə də qalır. Bu, onun səhvlərindən nəticə çıxarmaq üçün lazımdır. Ancaq pisliyə, şərə xidmət edənləri, onları törədənləri tez-tez xatırlatmaq, belə insanları əbədiləşdirmək, xatirəsinə heykəllər qoymaq həmin əməllərin təşviqidir.

Məsələn, Almaniyada faşist rejiminin ləğvindən sonra Hitlerə qoyulan heykəllər uçuruldu. SSRİ-nin banisi Vladimir Leninin heykəllərinin uçurulub dağıdılması ilə bu imperiyanın məhv olması başlayıb. Stalin diktaturası çökəndən, yəni o öləndən sonra heykəlləri də aşdı. Səddam Hüseyn, Hafiz Əsəd, Məhəmmədrza Şah və cəmiyyətləri can doyduran, zülm etmiş daha neçə-neçə şəxsləri xatırladan nişanələr yer üzündən silinib.

Bu və başqa belə hadisələr, faktlar insanlığın pislikləri, şəri yadda saxlamaq istəmədiyi düşüncəni təsdiqləyir. Bəzən onların təbliğatı yeni faciələrin yaranmasına səbəb olur, təkan verir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, belələrinə erməni cəmiyyəti də aiddir. Yüz ildən artıqdır onlar anti-türk indeologiyası əsasında türklərə (Azərbaycan, Türkiyə, Güney Azərbaycan (İran) Özbəkistan) qarşı fəaliyyət göstərir. Müxtəlif cinayətlər törədib. Elə son 30 ildə Azərbaycan torpaqları, Qərbi Azərbaycan ərazilərində etdikləri insanlığa qarşı əməlləri yada salmaq yetərlidir. 300 minə yaxın dinc sakinləri sovetin silahlı əsgərləri ilə birlikdə öz yurd-yuvalarından, tarixi əzəli, Azərbaycan torpaqlarından çıxmağa məcbur etmək XX əsrin əvvəllərində onların babalarının azərbaycanlılara qarşı etdikləri pisliklərin təkrarı idi. Çünki SSRİ-də azərbaycanlılarla ermənilərin qardaşlığı təbliğatı Moskvanın apardığı siyasət ucbatından saxta olub. Azərbaycanın sovetləşməsi ilə azərbaycanlıların məcburi köçü başlayıb. Nəhayət, indi Ermənistan adlanan ölkədə türk (qərbi azərbaycanlı) qalmayıb.

Erməni cəmiyyəti bir qayda olaraq faciələrinə səbəb olmuş şəxsləri təbliğ ediblər. Qarabağda ətraf rayonlarda Azərbaycan dövlətinə qarşı çıxıb, onun ərazi bütövlüyünü və suverenliyini pozublar. Azərbaycanlıları soyqırımına və qətliama məruz qoyub, işğal etdikləri ərazilərdəki binaları yerlə bir edib, daşı-daş üstə qoymayıblar.

Ermənistanda hakimiyyətə gələnlər demokrat və avtoritet, Rusiya və qərbyönlü mövqedən çıxış etmələrinə baxmayaraq onlar anti-Türkiyə, anti-Azərbaycan mövqeyində olub, öz ideoloji babalarının cinayətlərini, xətalarını təkrarlayıblar.

2018-ci ildə bu ölkədə hakimiyyətə demokratların, qərbyönlülərin gəlişi bu sahədə də vəziyyəti dəyişməyib.

2016-cı ildə Ermənistanın paytaxtı İrəvanın mərkəzində faşistlərin əlaltısı olmuş Qaregin Njdeyə böyük heykəl qoyulub. Paytaxtı küçələrindən və meydanlarında birinə onun adı verilib.

Məlum olduğu kimi, Njde erməni legionunu nasistlərin sərəncamına verib. Bu əsgərlər Qafqazda, Krımda və Fransada Üçüncü Reyxə xidmət ediblər. Gümrüdə, Qafanda və Ermənistanın daha 17 yaşayış məntəqəsində də Njdeyə heykəllər qoyulub. Bu keçmiş komsomolçu, rusiyayönlü, avtoritar Serj Sarqsyanın prezidentliyi dövründə baş verib.

Njde “hər gün türklərə pislik edin” deyib, ermənilərə nəsihət edən biri olub. İrəvanda onun heykəlinin olması isə bu etnik qrupun, cəmiyyətin həm də bu deyimi təkrarlanması deməkdir. Serj Sarqsyan onun heykəlini 2016-cı il mayın 28-də Ermənistanın Respublika günündə açıb.

Ancaq 2022-ci ildə heykəlin postamentində farsca “Xaməneiyə ölüm!” şüarının yazılması da təsadüfi sayılmır.

İşğalçı ermənilər Azərbaycanın Xocavənd rayonunda da Njdeyə heykəl qoymuşdu.

Demokrat adı altında qərbyönlü Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu istiqamətdə vəziyyət dəyişməyib. Anti-türk ideologiyasını o da davam etdirib. 2019-cu ilin oktyabrında Vanadzor şəhərində türk millətinin ən qatı, qəddar düşməni Andranikin heykəli qoyulub. Onun hakimiyyətə gəlişindən öncə İrəvanda bu erməniyə heykəl qoyulmuşdu. Paşinyan hökumət başçısı olandan sonra da Andranikə heykəlin qoyulması baş nazirin özündən əvvəlki böyüklərinin anti-türk düşüncəsini davam etdirdiyinə bariz örnəkdir.

Bu düşüncəyə əsasən, ermənilər onun “Şərqi və Qərbi Ermənistananın” simvolu sayırlar. Bu isə onların Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasıdır.

44 günlük müharibə ermənilərin və havadarlarının Azərbaycana qarşı etdikləri pislikləri aradan qaldırıb. Njdenin heykəli və törəmələri, davamçıları işğal etdikləri torpaqladan getdilər.

Ermənistanın belə gülünc ideyanı, Azərbaycana qarşı vuruşanları əbədiləşdirmək adəti davam edir. 2024-cü ilin sentyabrında İrəvan hakimiyyəti Aşot Qulyanın adını şəhər küçələrindən birinə verib. O, Xocalı soyqırımının törədilməsində, Şuşanın işğalında fəallıq göstərənlərdən olub. 1992-ci ildə Azərbaycan silahlıları tərəfindən Heyvalı kəndində məhv edilib. Yeri gəlmişkən, bu terrorçu 1959-cu ildə Bakıda doğulub, Xankəndidə yaşayıb.

Terrorçu Monte Melkonyanın adı da İrəvanda əbədiləşdirilib. Metro stansiyası və küçələrdən birinə terrorçunun adı verilib. O, 1992-ci ildə Kəlbəcər sakinlərinin rayonu tərk etməsi haqqında ultimatum verəndir.

1921-ci il martın 15-də Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşanın Berlində qətlə yetirmiş Soqomon Teyleryana da Ermənistanda heykəl qoyulub.

Bu siyahını uzatmaq da olar.

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda ermənilər azərbaycanlılara qarşı törətdikləri cinayətlərə, onların xatirələrinin əbədiləşdirilməsinə münasibət bildirərək deyib: “Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar”.

Dövlət başçısı əlavə edib ki, açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur: “Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versələr də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, onlar qəhrəmanlaşdırılıblar”.

Prezidentin sözlərinə görə, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər: “Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”.

Azərbaycan lideri rəsmi İrəvana sülhə nail olmağın yolunu bir daha göstərərək deyib ki, Ermənistan destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir: “Ermənistan həqiqətən də, Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

Ermənistanın təcavüzkar, işğalçı konstitusiyadan imtina etməməsi, terrorçuları, anti-Türkiyə, anti-Azərbaycan cinayətlər törədənlərin təbliği, təşviqi, sülh sazişinin imzalanmasına, münasibətlərin normallaşmasına başlıca maneələrdəndir. Çünki torpaq iddialarından imtina, bu xülyaları reallaşdırmağa səy göstərənlərdən, onların əməllərindən, türk (azərbaycanlı) düşmənliyində əl çəkməkdir. İrəvanda Andranikin, Njdenin adına küçədə azərbaycanlının təhlükəsiz gəzməsinə təminat olacaq? Sülh erməni cəmiyyətinin düşmənlik təbliğ edən, etmiş “ideoloqlarından” imtinadan keçir. Bu elə konstitusiyanın bəlli iddiasının dəyişməsi ilə eynidir.

Избранный
3
3
nocomment.az

4Источники