RU

Vidadi İsgəndərlinin qətli: Amnesty İnternational Fransaya çağırış edib

Amnesty İnternational Fransanı azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərlinin öldürülməsinin "bütün mümkün motivlərini nəzərə almağa" çağırıb.

Qurumun Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalia Nozadze Fransa hakimiyyətini Vidadi İsgəndərlinin “mühacirətinə səbəb olmuş Azərbaycan hökuməti və Prezidentinə tənqidlərini də nəzərə almağa” çağırıb.

Azərbaycan hakimiyyətinin Amnesty İnternational-ın bu çağırışına reaksiyası bəlli deyil, amma hakimiyyət tez-tez bəyan edir ki, Azərbaycanda heç kim tənqidi fikirlərinə görə təqib olunmur.

Fransada yaşayan azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərli öz evində bıçaqlandıqdan sonra çərşənbə axşamı günü xəstəxanada ölüb. Onun qardaşı Oqtay İsgəndərli BBC News Azərbaycancaya bildirib ki, sentyabrın 29-da səhər saatlarında Vidadi İsgəndərlinin Fransanın şərqində yerləşən Müluz şəhərindəki evinə üç nəfər daxil olub. Onun sözlərinə görə, qardaşının evinə “səhərə yaxın, yatdığı yerdə giriblər”. O əlavə edib ki, qardaşı 20-dən çox bıçaq zərbəsi alıb.

Vidadi İsgəndərli uzun illər Azərbaycanın ədliyyə sistemində çalışıb. O, daha sonra Azərbaycanda “Demokratiyanın Müdafiəsinə Yardım” qeyri-hökumət təşkilatına rəhbərlik edib.

Vidadi İsgəndərli Azərbaycan hökumətinin tənqidçisi olub. Qardaşı deyir ki, onun Azərbaycan hakimiyyəti ilə “münaqişəsi” 2010-cu il parlament seçkilərindən sonra başlayıb.

“Vidadi 2010-cu ildə Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olub… Ondan sonra barəsində “seçicilərin səsvermə hüququna mane olma və xuliqanlıq”, “oğurluq” (seçki komissiyası üzvlərinin qızıl-ziynət əşyalarını qutudan oğurlamaqda) ittiham olunub, daha sonra oğurluq ittihamı ləğv olundu. Ancaq digər ittihamlar üzrə, o, 2011-ci ildə həbs olundu”, - qardaşı BBC-yə deyib.

O, 2013-cü ildə Azərbaycan Prezidentinin əfv sərəncamı ilə azadlığa çıxıb.

Vidadi İsgəndərli 2015-ci ildə Gürcüstana gedib və orada siyasi mühacir statusu alıb. O, iki il sonra Gürcüstandan Fransaya gedib və orada da siyasi mühacir statusu alıb. Qardaşı deyir ki, buna səbəb “Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsi” olub.

Oqtay İsgəndərli iddia edir ki, qardaşının ölümü onun kəskin tənqidi çıxışları ilə əlaqəlidir və o deyir ki, Fransa polisi bu ehtimalı da araşdırır.

Oqtay İsgəndərli Milli Məclisin deputatı Zahid Orucun çıxışlarının birində “Avropadakı hakimiyyət tənqidçilərini “legitim hədəflər” adlandırdığını xatırladıb.

Millət vəkili Zahid Oruc bununla bağlı BBC-yə deyib ki, onun çıxışı “sözü gedən şəxsləri zərərsizləşdirmək, yəni, onların müxtəlif vasitələrlə ölkəyə gətirilməsinə nail olmaq, məhkəmə qarşısında cavabdehliklərini təmin etmək” mahiyyətli olub.

Azərbaycan hakimiyyəti Azərbaycanda söz azadlığının qorunduğunu, heç kimin fərqli fikirlərinə görə təqib olunmadığını deyir və beynəlxalq qurumların demokratiya və insan haqları ilə bağlı ittihamlarını bir qayda olaraq, rədd edir və qərəzli sayır.

Fransa polisinin Vidadi İsgəndərlinin ölümü ilə bağlı istintaqının detalları məlum deyil. BBC News Rusca polisdən öz sorğusuna hələ cavab ala bilməyib.

Избранный
96
bbc.com

1Источники