RU

"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi

"NATO Ukrayna ilə sizin və bizim təhlükəsizliyimiz naminə yanaşı dayanıb..."
 
Oktyabrın 3-də Şimali Atlantika Alyansının (NATO) yeni baş katibi Mark Rütte Kiyevə səfərə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, səfər çərçivəsində Rütte Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Onlar KİV nümayəndələri ilə birgə mətbuat konfransı keçirib. Baş katib Ukrayna liderinə dəvətə görə minnətdarlıq edib.
 
"Bu, Rusiyanın 2022-ci ilin fevralında tammiqyaslı hərbi müdaxiləsi başlanandan mənim Ukraynaya beşinci səfərimdir. Biz birlikdə Xarkov, Odessanı ziyarət etmişik və əlbəttə ki, burada, Kiyevdə çoxsaylı görüşlər keçirmişik", - o, deyib.
 
Onun sözlərinə görə, Ukrayna bu gün NATO-ya həmişəkindən daha yaxındır. "Mənim üçün yeni vəzifəmdə ilk səfərimi Ukraynaya etmək çox vacibdir, bu, Ukrayna xalqına, bizi izləyənlərə NATO-nun Ukrayna ilə birlikdə olduğunun aydın şəkildə nümayişidir. Yeni baş katib kimi mənim üçün əsas prioritet və imtiyaz sizinlə birlikdə işləyərək bu dəstəyi irəliyə aparmaq, Ukraynanın qələbəsini təmin etməkdir", - Rütte deyib.
 
"Ukrayna Alyansın üzvü olanadək biz bu yolla getməkdə davam edəcəyik. Mən o günü səbirsizliklə gözləyirəm. NATO Ukrayna ilə sizin və bizim təhlükəsizliyimiz naminə yanaşı dayanıb", - baş katib vurğulayıb.
 
Bundan başqa, Rütte vurğulayıb ki, NATO-nun bu ilin iyul ayında Vaşinqtonda keçirilən sonuncu sammitində müttəfiqlər Ukraynanın NATO üzvlüyünə yolunun geriyədönməz olduğunu bir daha təsdiq edib.
 
"Ukrayna günü-gündən güclənir, NATO-ya daxil olmağa həmişəkindən daha çox hazırdır. Mən əminəm ki, Ukraynanın NATO-nun tamhüquqlu üzvü olacağı gün gələcək. İcazə verin əlavə edim ki, kimsə başqa cür düşünürsə, Rusiyanın bu məsələyə heç bir təsiri yoxdur", - baş katib bəyan edib.
 
Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski xatırladıb ki, Ukraynanın uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirməyə qadağanın götürülməsinə ehtiyacı var. Onun sözlərinə görə, bu icazə olmadan biz təcavüzkar ölkəni dayandıra bilməyəcəyik.
 
"Rusiyalılar döyüşçülərimizin mövqelərini dağıdanda, onlar öz həyatlarını qorumalıdır, çünki onların həyatı istənilən tikililərdən daha vacibdir. Bu, bizim insanlarımız, Ukrayna vətəndaşlarıdır. Ona görə də onların geriyə çəkilməsi doğrudur, onlar özlərini dövlət naminə və öz xidmətləri naminə qoruyub saxlayır", - o, vurğulayıb.
 
"Bu, tamamilə düzgün addımlardır. Ona görə də bizə Rusiyanı bu və ya digər silahla dayandırmaq imkanı verilməsini, buna icazə verilməsini, müvafiq sistemlər verilməsini xahiş edirik", - prezident deyib.
 
Rütte NATO-ya başçılıq edir
 
Niderlandın sabiq baş naziri Mark Rütte oktyabtın 1-də Alyansa rəhbər seçilib. O, NATO-ya on il ərzində başçılıq edən Yens Stoltenberqi əvəz edib.
 
Rütte Rusiya ərazisindəki hərbi hədəflərə uzaqmənzilli silahlara zərbələrə qoyulan qadağanın götürülməsinə tərəfdardır, lakin belə qərarların qəbul edilməsini Qərb liderlərinin üzərinə qoyur.
Избранный
13
moderator.az

1Источники