RU

AzMİU-da iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı seminar olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ekologiya kafedrası və Xarici əlaqələr şöbəsinin təşəbbüsü, ABŞ səfirliyinin təşkilatçılığı ilə seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarın əsas məruzəçisi “Fulbright” proqramı üzrə alim, Virciniya Texnologiya Universitetinin Bioloji sistemlər mühəndisliyi fakültəsinin mütəxəssisi, dosent Culi Şortrici “İqlim dəyişikliyinə uyğunlaşma, cəmiyyətin iqlim davamlılığı və mühəndis yanaşmaları” mövzusunda təqdimatla çıxış edib. Onun təqdimatında iqlim dəyişikliklərinə adaptasiya üçün infrastrukturun rolu, bu sahədə bərabərlik və inklüzivliyin artırılmasının əhəmiyyəti vurğulanıb.

Təqdimat zamanı iqlim dəyişiklikləri ilə bağlı müxtəlif mühəndis həllərin mövcud sosial və iqtisadi sistemlərə necə təsir etdiyi müzakirə edilib və belə həllərin düzgün tətbiqi ilə cəmiyyətin davamlılığını artırmaq yolları göstərilib. İştirakçılar təqdimatın sonunda mövzu ətrafında müzakirələr aparıblar.

Mütəxəssis, həmçinin “Fulbright” proqramı çərçivəsində Finlandiyanın Oulu Universitetində apardığı tədqiqatlardan danışıb, iqlim dəyişikliklərinə uyğunlaşmada mühəndislik və müxtəliflik arasında əlaqəni müzakirə edib. Qeyd edək ki, onun apardığı bu tədqiqatların nəticələri COP29 mövzusunda aparılan müzakirələrə öz faydasını verəcək.

Xatırladaq ki, AzMİU ətraf mühit məsələləri ilə bağlı təhsilə və tədqiqatlara verdiyi töhfəyə görə ali məktəblər arasında seçilir. Bu sahədə çoxlu layihələr icra edilir və universitet iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə dəstək verməyə çalışır.

Избранный
19
1
azertag.az

2Источники