RU

Aqrar sektorumuzda inkişafın yavaşıması İqlim həftəliyində də gündəmə gəldi...

Image

Akif Nəsirli: “Kənd təsərrüfatında müxtəlif seqmentlərin idarəedilməsinə ciddi önəm verilməlidir”

Məlum olduğu kimi, Bakıda İqlim Fəaliyyəti Həftəsi keçirilir. Iqlim Həftəsində bir sıra məsələlər müzakirə olunur, o cümlədən, kənd təsərrüfatının vəziyyəti də. Sessiyada ərzaq təhlükəsizliyi sahəsində problemlər, aqrar sahədə istixana tullantılarının artması, təbii fəlakətlərin sayının artması nəticəsində məhsuldarlığın azalması və iqlim dəyişikliyi ilə bağlı yaranmış digər məsələlər müzakirə olunub. 

Danılmaz faktdır ki, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşüb. Bunun səbəbi isə iqlim dəyişikliyi ilə bağlıdır. 

Maraqlıdır, Azərbaycanda aqrar sektorda məhsuldarlığın artması üçün maliyyələşmənin hansı istiqamətləri vacib götürülməlidir? Maliyyələşmə ilə bərabər hansı işlər görülməlidir ki, kənd təsərrüfatının effektivliyi yüksəlsin və nəticədə bu sahədə qeydə alınan azalma inkişaf etsin?

“Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün seleksiya hibridləşmə işləri aparılmalıdır”

Liberal İqtisadçılar Birlinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki,   kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi araşdırılmalıdır: “Bu il iqlim dəyişikliyinin kənd təsərrüfatına təsir etdiyini müşahidə etdik. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda aqrar sahədə məhsuldarlıq bu il aşağı düşməyib. Məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdən biri də idarəetmə ilə bağlıdır. Kənd təsərrüfatında müxtəlif seqmentlərin idarəedilməsinə ciddi önəm verilməlidir. Məsələn, su təminatına xüsusi diqqət edilməlidir. Məlumdur ki, Azərbaycanda su təminatı yetərli səviyyədə deyil. Məlumat üçün deyim ki, hər il Azərbaycanın 20-23 milyon kubkilometr su ehtiyatı yaranır. Bu qədər su ilə inkişaf etmiş dünya ölkələri 2 milyon hektar kənd təsərrüfatına yararlı sahəni su ilə təmin edir. 10 milyon kubkilometr 1 milyon hektarı suvarır. Bu müasir normadır. Halbuki, Azərbaycanda 20 milyon kubkilometrdən çox su ehtiyatı yaranır, ancaq 500 min hektar belə normal suvarılmır. Biz suvarıla bilən ərazinin üçdə birini belə  normal suvara bilmirik. Nəzərə almaq lazımdır ki, bizim su ehtiyyatımızla İsrail 1 milyon hektar ərazini suvarır”.

Həmsöhbəmiz onu da əlavə etdi ki, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün seleksiya hibridləşmə işləri aparılmalıdır. Ətraf mühit dəyişkənliyinə davamlı sortlar yetişdirilməlidir, bundan əlavə, bütün bitkilərin kalium fosfora olan tələbatı ödənməlidir: “Kalium bitkinin ətraf mühitə davamlılığını qaldırır, fosfor isə bitkinin cinsiyyət orqanlarını möhkəmləndirir. Kənd təsərrüfatı sektorunun əsas vəzifəsi ölkələri kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bitkilərin dayanıqlılığını təmin etmək üçün torpağa kalium və fosfor gübrələri verilməlidir. Hər ölkə yetişdirdiyi məhsulu özündəcə seleksiya etməlidir. Çünki iqlim dəyişikliyi heç də bütün dünyaya eyni dərəcədə təsir göstərmir”.

Günel CƏLİLOVA





Избранный
16
baki-xeber.com

1Источники