RU

"Qarabağ"ın iki top fərqi ilə qalib gələcəyini düşünürəm" - Aslan Kərimov

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci təsnifat mərhələsində "Malmö"nü qəbul edəcək. 1-ci turda "Tottenhem"ə 0:3 hesabı ilə uduzan təmsilçimizin İsveç komandası ilə oyununa maraq böyük maraq müşahidə edilir. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb bu qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Tottenhem"ə məğlubiyyətdən sonra "Qarabağ" üçün xal toplamaq vacibdir. Çünki komandanın qarşısına qoyduğu məqsəd ən azı pley-offa yüksəlməkdir. Əminəm ki, "Tottenhem"dən xal alacağımızı oyundan əvvəl heç kim proqnozlaşdırmırdı. Düzdür, rəqib futbolçunun matçın əvvəlində aldığı qırmızı vərəqədən sonra xal qazanmaq şansımız xeyli artmışdı. Amma sonucda azlıqda oynayan rəqibə qalib gələ və ya onlardan xal ala bilmədik. Buna  rəğmən, heç nə itirilməyib. 

Evdə oynadığımız oyunlardan xal götürə bilərik. "Qarabağ" Skandinaviya təmsilçilərinə qarşı adətən uğurlu oyun sərgiləyir. Onların Bakıda Ağdam təmsilçisinə güclü təzyiq edəcəklərinə inanmıram. Baş məşqçilərinin matçdan öncə verdiyi açıqlamanı oxumuşam. "Qarabağ"dan çəkindikləri hiss olunur. Düzdür, Bakıya qələbə dalınca gəldiklərini deyirlər. Ancaq fikrimcə, komandamızın topa nəzarət etmək, qol vəziyyətləri yaratmaq bacarığını vurğulamaqları çox şeydən xəbər verir. Açıq futbol sərgiləyəcəklərinə inanmıram. Qol vəziyyətlərindən bu dəfə daha yaxşı faydalanacağımızı düşünürəm. Çünki neçə müddətdir ki, təmsilçimiz məhz bu yöndə problemlər yaşayır. Bir qol vursaq, rəqibin müqavimətini qıra biləcəyik. "Qarabağ"ın iki top fərqi ilə qalib gələcəyini düşünürəm. Ən yaxşısına ümid edək".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika baş tutacaq "Qarabağ" - "Malmö" qarşılaşması 20:45-də başlayacaq.

Nihat

Избранный
7
fanat.az

1Источники