RU

Böyük Qayıdış: Cəbrayıl və Zəngilanda tarixi günlər ŞƏRH

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 oktyabr 2020-ci il tarixli rəsmi "Twitter" səhifəsində yazmışdı. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu. "Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi", - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi".

Dörd il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonunun yeni dövrü başlandı: abadlıq-quruculuq dövrü. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış ərazi yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri və yeni məkanların təməlinin qoyulması, açılışların edilməsi, görülən işlərlə tanışlıq və tapşırıqların verilməsi işıqlı gələcəkdən soraq verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mayın 18-də Cəbrayıl rayonuna səfəri zamanı rayonun Karxulu kəndinin, Sarıcallı kəndinin, Maşanlı kəndinin təməlini qoydu. Kəndlərdə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. İnzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılıb.

CƏBRAYILLI ŞAGİRDLƏR ÜÇÜN ƏN MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN TƏHSİL OCAĞI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonuna səfər ediblər. Səfər çərçivəsində Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoymuşdur. 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərir. Doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. Bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəb də tikiləcəkdir. Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

Səfər çərçivəsində Prezident İlham Əliyev Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub. Eyni zamanda Cəbrayıl rayonunun Soltanlı kəndində "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, Litvanın "Dominari" şirkətinin mebel klasterinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Prestij-Kimya" MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANAN CƏBRAYILDA MÜASİR İNFRASTURUKTUR

Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan Cəbrayılda müasir infrasturuktur yaradılır. Dövlətimizin başçısı hələ Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə bu əraziyə səfər edərək Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və "Araz Vadisi İqtisadi Zonası"nın təməllərini qoyub, həmçinin "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak etmişdir. Eyni zamanda Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının açılışını etmişdir. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki "Şükürbəyli" yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci "Cəbrayıl" hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq "Qubadlı" və "Zəngilan" yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb.

"Cəbrayıl" yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edir.

"BÖYÜK QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI"NA MÜVAFİQ OLARAQ REALLAŞAN LAYİHƏLƏR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üç il əvvəl Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib. Hərbi hissənin silah və döyüş texnikası arsenalına "Harop" və "Quzğun" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətləndirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.

Bu gün görülən işlərin miqyası genişlənib. .Məlumdur ki, 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə dövlət başçımızın şəxsən nəzarət etməsi, onu deməyə əsas verir ki, tezliklə işğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək.

Bildiyimiz kimi, Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə ilk köç prosesi gerçəkləşdi. Cəbrayıl şəhərinə 36 ailə olmaqla, 117 nəfər köçdü.

Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. Cəbrayılın Baş Planına əsasən, 2026-cı ilin sonunadək təqribən 3 800 nəfər şəhərdə yerləşdiriləcəkdir. 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.

Torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. planlı şəkildə layihələr əsasında həyatı keçirilir.

ZƏNGİLAN YENİ DÜZƏNDƏ

Göründüyü kimi, işğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna da səfər edib. Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi, eləcə də, Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Əlbəttə ki, görülən işlər sürətlə aparılır. Cari ilin mayın 18-də dövlət başçısı Ağalı kəndində "Ağalı" hotelinin açılışını etmişdir. "Ağalı" hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur.

İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.

Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. plnlı şəkildə layihələr əsasında həyatı keçirilir. "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının istifadəyə verilməsi də ərazidə görülən işlərin planlı şəkildə həyata keçirilməsinə söykənir. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Zəngilanda görülən işlər bununla bitmir. Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.

Xatırladaq ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdu. Artıq istifadəyə verilib.

Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Bu gün isə əzəli sakinlərin səsi-sədası, toy-büsat çalğısı Füzulidən, Laçından, Şuşadan eşidilir.

Qarabağ və Şərqi Zəngəzurumuz yenidən qurulur.

İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
13
sesqazeti.az

1Источники