RU

Lənkəranda 23 yaşlı oğlan qayınanasına xəsarət yetirdi

Lənkəranda 2001-ci il təvəllüdlü Bəxtiyar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qayınanası Aybənizə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokart.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun kəndlərindən birində baş verib. Bəxtiyar yaşadıqları evdə qaynanası Aybəniz ilə aralarında ailə-məişət münasibətləri zəminində, yəni onun qızı Sevdanı ona xəbər etmədən Sumqayıt şəhərinə aparması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq ilə sifət nahiyəsinə qəsdən zərbə vurub. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevda ilə rəsmi nikahları olmasa da, 2022-ci ildən qeyri-rəsmi evlənib və bir yerdə yaşayırlar: “Sevda ilə evliliyimizdən bir uşağımız var. Son dövrlərdə arvadım Sevdanın istəyi ilə qayınanam Aybənizin evində yaşamışıq. Qayınanam ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, son dövrdə münasibətlərimiz pozulub. Qaynanam qızı Sevdadan mənimlə boşanmasını tələb edib və bu barədə mənə Sevda bildirib. Mən Sevdadan boşanmanın səbəbini soruşdum. O, anası ilə yola getməməyimi bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Sevda ilə telefon əlaqəsi saxlarkən uşağı və anası ilə birlikdə Sumqayıt şəhərinə xalasıgilə getməsini bilib: “Mən Sevdadan niyə mənə xəbər etmədən Sumqayıt şəhərinə getməsini soruşdum. Ona evə qayıtmayacaqları təqdirdə evi yandıracağımı bildirdim. Bundan sonra Sevda mənə mesaj yazaraq evə gəldiklərini bildirdi. Mən qaynanamgilə getdim və Sevdaya mənimlə evə getməsini bildirdim. Bu zaman qayınanam gələrək qışqırmağa başladı və küçəyə qaçaraq camaatı köməyə çağırdı. Mən Aybənizə heç bir səbəb olmadan niyə camaatı evə çağırmasını soruşdum. Bu zaman Aybəniz mənə aqressiv cavab verdi. Mən də əsəbi olduğum üçün özümü cilovlaya bilmədim və Aybənizin sifət nahiyəsinə yumruqla zərbə vurdum”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Bəxtiyarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
25
demokrat.az

1Источники